Dünən növbəti nəsil Hyundai Tucson krossoverinin videotizerlərinin dərc edilməsinə baxmayaraq, Cənubi Koreya istehsalçısı yeni avtomobilə olan marağın səngiməsini istəmir. Bu dəfə Hyundai şirkəti yeni krossoverin final sınaqları haqqında məlumat verib. Artıq sınaqları tamamlayan Tucson modeli seriya istehsalına tam hazır vəziyyətdədir.
Hyundai şirkəti krossoverin Çexiya və Avstriyada keçirilmiş son sınaqları zamanı çəkilmiş şəkillər dərc edib. Şəkillərdən göründüyü kimi, testerlər zamanı kuzovun sərtliyi, səs-küy izolyasiyası, transmissiyanın işi, yoxuşda hərəkətə başlamağa yardım edən sistemi, eniş zamanı köməklik göstərən elektron köməkçi yoxlamalardan keçirilib, üstəlik, avtomobillər 300 millimetrə qədər dərinliyi olan çay keçidlərini qət ediblər.
Son bir neçə ay ərzində, krossoverlər İsveçdə və İspaniyanın cənubunda iqlim sınaqlarından keçmiş, Alp dağlarında qoşqunu yedəyə almış, Nürburqrinqin “Şimal ilgəyində” dairələr vuraraq, mühəndislərə şassini tənzimləməyə imkan vermişdilər.
Avtomobil kamuflyaj örtüyünü tamamilə atmasa da, ön tərəfin dizaynını artıq görmək olar. Bununla birlikdə, yeni Hyundai Tucson rəsmi təqdimatını çox gözləmək lazım gəlməyəcək: krossoverinin debütü 15 sentyabr tarixində baş tutmalıdır.