Bu gün İnternet şəbəkəsində yeni nəsil Hyundai Tucson modelinin interyerinin dizaynını əks etdirən eskiz peyda olub. World Scoops forumu tərəfindən paylaşılan eskizdə, multimedia sisteminin iri şaquli ekranına və düzbucaqlı rəqəmsal cihazlar panelinə sahib olan minimalistik interyer göstərilir.
Növbəti nəsil Hyundai Tucson krossoverinin multimedia sisteminin şaquli planşetini əldə edəcəyi faktı iyun ayında ortaya çıxıb. Eyni zamanda, belə konfiqurasiyaya malik olan avtomobilin Çin bazarı üçün nəzərdə tutulduğu bildirilmişdir. Digər ölkələrdə isə, yeni Tucson modeli multimedia sisteminin vizual olaraq iqlimə nəzarət sisteminin sensorlu bloku ilə birləşdirilmiş ənənəvi ekranı ilə təklif ediləcəyi söylənilir. Ayrıca, krossover, yeni Elantra modelindən tanış olan 10,25-düymlük virtual cihazlar panelini və transmissiyanın düyməli selektorunu da əldə edəcəkdir.
Bir müddət bundan əvvəl, yeni Tucson modelinin mühərrik çeşidi barədə məlumat peyda olmuşdu. krossoverin mühərrik çeşidinə 183 at qüvvəli 1,6-litrlik Smartstream mühərriki, cari modeldən tanış olan 2,0-litrlik turbodizelin təkmilləşdirilmiş versiyası, 294 at qüvvəli 2,5-litrlik T-GDI turbomühərriki və 1,6-litrlik mühərrikə əsaslanan hibrid güc qurğusu daxildir. Qeyd etmək gərəkdir ki, ən güclü mühərrik Tucson N Line modeli üçün nəzərdə tutulub.
Yeni nəsil Hyundai Tucson modelinin təqdimatı bu ilin sonunda və ya gələn ilin əvvəlində baş tutmalıdır.