Hyundai və Kia şirkətləri koronavirus pandemiyası və elektron komponentlərin qlobal çatışmazlığı ucbatından ciddi istehsal problemləri yaşamağa davam edirlər. Yazda bu problemlərə logistika sahəsindəki yeni dayanmalar da əlavə edilib. The Korea Times nəşrinin insayderlərə istinadən bildirdiyinə görə, mart ayında dəyəri ödənilmiş, lakin müştərilərə təhvil verilməyən avtomobillərin sayı ümumilikdə bir milyonu ötüb. Bəzi müştərilər sifariş etdikləri avtomobilləri il yarıma qədər gözləməli olacaqlar.
Keçən ilin sonunda Kia şirkətinin təkcə daxili bazardakı “borcu” təxminən 100 min avtomobil idi və 2022-ci ilin əvvəlində bu rəqəm yarım milyona yüksəlib. Sifariş edilən Hyundai avtomobilləri ilə birlikdə bu rəqəm bir milyonu keçib.
Keçən il, öncədən ödənilmiş avtomobillərin payı, Hyundai və Kia şirkətlərinin ümumi satışlarının 15 faizini təşkil edib. Ümumilikdə, Koreya brendləri 6,66 milyon avtomobil satmağa müvəffəq olublar: planlaşdırılan 7,47 milyona çatmağa istehsalçılara iş ritmini saxlamağa maneçilik törədən yarımkeçiricilərin qıtlığı və detallarla bağlı digər problemlər olublar.
Modellərə gəlincə, məsələn, Kia Sorento və Sportage krossoverlərinin hibrid versiyalarına olan növbə il yarıma qədər artıb. Göndərilməsi təxminən 11 ay çəkən Carnival miniveninin və K5 sedanının alıcıları əldə etmək istədikləri avtomobilləri uzun müddət gözləməyə hazır olmalıdırlar. Hyundai Ioniq 5 və Porter elektrokarlarını, habelə Genesis GV60 və GV70 krossoverlərini sifariş edənlər bir ildən çox gözləməli olacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.