Səkkiz ildir ki buraxılan Isuzu D-Max pikapının ikinci nəsli təqaüdə hazırlaşır. Modelin üçüncü nəsli 19 oktyabr tarixində kiçik vətəni sayılan Tailandda debüt edəcəkdir.
Yeni pikap haqqında geniş məlumat verilməsə də, onun haqqında bəzi məlumatlardan xəbərdarıq. Məsələn, pikap rama konstruksiyasını və bütöv arxa körpünü qoruyub-saxlayıbdır. Buna baxmayaraq, yeni pikapın daha rahat və zəngin təchizata malik olacağı bildirilir. Üstəlik, pikapın müasir təhlükəsizlik sistemləri ilə təchiz ediləcəyi də söylənilir. Bu sistemlərin arasında avtomatik əyləcləmə də vardır. Qeyd etmək lazımdır ki, bu sahədə Isuzu şirkətinə Mazda yardım edəcəkdir. Üç il bundan öncə iki marka yeni pikapın yaradılması sahəsində əməkdaşlıq edəcəkləri barədə razılığa gəliblər.
İlkin məlumata görə, D-Max mövcud olan mühərrikləri də qoruyub-saxlayacaqdır. Avropada pikap 1,9-litrlik dizel mühərriki, qalan ölkələrdə isə 3,0-litrlik dörd silindrli mühərrik ilə təklif ediləcəkdir. Öikap əvvəlki kimi sərt şəkildə biləşən tam ötürmə ilə təchiz ediləcəkdir. Eyni zamanda, arxa differensialın qapanması da təklif ediləcəkdir.
Yeni Isuzu D-Max modeli 2020-ci ilin sonunda digər bazarlarda satılmağa başlayacaqdır. Elə o zamanda pikapın Mazda markası ilə buraxılacaq variantı da debüt edəcəkdir.