Növbəti nəsil Jeep Grand Cherokee modelinin təqdimatı bu il keçirilməli idi, lakin bir sıra səbəblərdən tədbir təxirə salınmalı oldu. Buna görə də, təxminən 11 il bundan əvvəl təqdim olunmuş WK2 seriyasının həyat dövrü 2021-ci ilə qədər uzadılıb. Buna baxmayaraq, WL indeksli yeni Grand Cherokee haqqında artıq çox şey məlumdur: krossover, Alfa Romeo Giulia və Stelvio avtomobillərinin istifadə etdiyi Giorgio platformasında inşa ediləcək, lakin onu Jeep üçün xüsusi olaraq dəyişdiriləcək və off-road transmissiyası ilə təchiz ediləcəkdir.
Bu günlər casuslar yeni ofrouderin kamuflyajla örtülmüş prototipini ümumi istifadə yollarında tutmağa müvəffəq olublar. Yeni Grand Cherokee modelinin ön tərəfi konsept statusunda təqdim olunan Grand Wagoneer modelinin dizayn üslubunda tərtib edilib. Buna xarakterik formalı ön fənərlər və şaquli radiator barmaqlığı işarə edir.
Grand Cherokee modelinin profili tanınmaz hala gəlib:kuzov daha alçaq olub və uzanıb. İlkin məlumata görə, yolsuzluq avtomobili ilk dəfə üçüncü oturacaq sırası ilə satışa təqdim ediləcəkdir. Yüksək profilli təkərlər ilə təchiz edilmiş disklər kamuflyajın altında ucuz təchizata malik olan bir modelin olduğundan xəbər verir.
İlkin məlumata görə, Grand Cherokee üçün baza mühərriki 3,6-litrlik V6 Pentastar benzin mühərriki olaraq qalacaqdır. Əvvəllər olduğu kimi, ofrouder daha güclü səkkizsilindrli mühərriklər (flaqman Hemi V8 6.2 daxil olmaqla), habelə hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Yeni nəsil Jeep Grand Cherokee modelinin rəsmi təqdimatı 2021-ci ilin əvvəllərində baş tutmalıdır.