Keçən il Carnival modelini təqdim edən Kia nümayəndələri onu sadə miniven kimi deyil, “iri universal avtomobil” kimi səciyyələndirmişdilər. Lakin bu yeganə hal deyil.
Kia nümayəndələrinin sözlərinə görə, daha kiçik ölçülərə malik olan yeni Carens modeli də artıq kompaktven deyil – koreyalılar onun Hindistan bazarında satılacaq və aktiv istirahətə üstünlük verənlərə ünvanlanmış yeni sinif nəqliyyat vasitəsi olduğunu deyirlər. Bu marketinq cəfəngiyyatını bir kənara qoysaq, Carens modelinin dördüncü nəsli həm daxili, həm də xarici tərtibat, habelə üslub cəhətdən ənənələrdən ciddi şəkildə kənarlaşıb.
Cəsarətli dizayna malik olan Kia modellərinin əksəriyyəti kimi, yeni Carens də əvəzlədiyi avtomobilə bənzəmir. Yenidən işlənmiş Opposities United dizayn üslubunda görünüşə malik olan yeni Carens modeli ön və arxa tərəfdəki qeyri-adi formalı fənərləri və son nəsil Sportage krossoverinə bənzərliyi ilə seçilir - yan tərəfdən baxdıqda yeni model həqiqətən minivendən daha çox krossoverə bənzəyir.
Salonda ilk diqqəti cəlb edən cihazlar panelinin və məlumat-əyləncə mərkəzinin ekranları olan iri ön paneldir. Bundan başqa, ön panelin sərnişin tərəfindəki hissəsidə naxışlardan ibarət olan şəkil də nəzərə çarpır. Eyni zamanda, salonda “avtomatın” klassik dəstəyini və klimat-kontrolun idarə etmək üçün nəzərdə tutulmuş analoq düymələri və simsiz şarj meydançasını da görmək olar.
Carens kompaktveninin Seltos krossoverindən tanış olan 115 at qüvvəli 1,5-litrlik atmosfer benzin mühərriki ilə təchiz ediləcəyi güman olunur. Yeni kompaktven Hindistanda Seltos krossoveri ilə eyni konveyer xəttində buraxılacaq və Kia markasının yerli bazarda satılan (şirkət Hindistana iki il bundan öncə gəlib) dördüncü modeli olacaqdır. Satışların başlanması 2022-ci ilin birinci rübünə planlaşdırılıb. Yeni nəsil Kia Carens modelinin təqdimatı 16 dekabr tarixində keçiriləcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.