Kia Seltos krossoverinin birinci nəsli 2019-cu ilin yayında debüt edib. Artıq bu modelin ikinci nəsli hazırdır və Koreya istehsalçısı yeni modelin ilk rəsmi şəkillərini dərc edərək bəzi təfərrüatları açıqlayıb.

İkinci nəsil Seltos krossoverinin xarici görünüşü Kia brendinin müasir üslubunda dizayna malikdir. Ön tərəfdə bölünmüş şaquli faralar peyda olub, üstəlik, onlar geniş barmaqlığa inteqrasiya olunublar, bamperin qoruyucusu isə, tutqun gümüş rəngindədir.

Yan tərəfdən “batırılmış” qapı tutacaqları və plastik kuzov dəsti diqqəti cəlb edir. Arxa tərəfə doğu yüksələn pəncərə xətti və "süzən" dam modelin sələfini xatırladır, qapılarda isə, relyefli ştamplamalar peyda olublar.

Arxa tərəfdə isə, damda quraşdırılan daha böyük spoyler və baqaj bölməsinin qapısının eni boyunca uzanan işıqlandırılan zolaq ilə birləşdirilmiş şaquli arxa fənərlər var.

Baza modeli lə yanaşı, iki digər tərtibat səviyyəsi təklif olunacaq: idman GT-Line və “offroad” yönümlü X-Line. Onların aralarındakı fərqlər dekor ilə məhdudlaşır: birinci halda bunlar kuzov rəngində vurğular, ikinci halda isə, tünd boz rəngli detallardır. Genişləndirilmiş rəng çeşidinə üç yeni boya daxil edilib: boz, yaşıl və qırmızı.

Avtomobilin uzunluğu 4430, eni - 1830, hündürlüyü - 1600, təkər bazası isə, 2690 millimetrə qədər artıb. Müqayisə üçün, Şimali Amerika bazarında satılan hazırkı versiya 45 millimetr qısa və 30 millimetr ensizdir, təkər bazası isə, 60 millimetr qısadır.

İnteryer Koreya brendinin elektrik avtomobillərində tətbiq etdiyi müasir üslubunda tərtibata malikdir. Ön paneldə iki 12,3 düymlük ekran və klimat-kontrolun ayrıca bloku var. Salonda havalandırma sisteminin nazik deflektorları və mərkəzi konsoldakı az sayda fiziki düymələr nəzərə çarpır.

Məlumat-əyləncə sistemi hava üzərindən yeniləmələri dəstəkləyir və süni intellektə əsaslanan səs köməkçisi ilə təchiz olunub. Əlavə seçimlərə panoram dam, proyeksiya ekranı, Harman Kardon və ya Bose premium audio sistemi və 64 rəngli ətraf işıqlandırması daxildir. Nəhayət, sürücüyə kömək sistemləri dəsti olan  təkmilləşdirilmiş adaptiv kruiz-kontrol da vəd edilir.

Yeni Kia Seltos krossoverinin ölçüsünün artırılması salonu daha geniş edib. İstehsalçı yeni interyerin ailələrin tələbatlarını nəzərə alınaraq yaradıldığını iddia edir: praktik xüsusiyyətlərə, məsələn, Kia AddGear aksesuarlarının bərkitmə sistemləri daxildir.

Baqajın həcmi əvvəlki modellə müqayisədə 103 litr artaraq 536 litrə çatıb, yük bölməsində həmçinin qatlanan, iki səviyyəli döşəmə var.

Yenilik Kia Niro və K4, eləcə də Hyundai Kona və Elantra modellərinin inşa olunduğu təkmilləşdirilmiş K3 arxitekturasına əsaslanır. Yaradıcılar kuzovun sərtliyininin artdığını, səs izolyasiyasının təkmilləşdirildiyini və şassi balansının optimallaşdırıldığını iddia edirlər.

Satışların başlanğıcında 149 at qüvvəli 2,0-litrlik atmosfer mühərriki, habelə bazardan asılı olaraq 180 və ya 193 at qüvvəsi hasil edən 1.6-litrlik turbomühərrik təklif olunacaqlar. Transmissiya çeşidinə altı pilləli mexaniki, yeddi pilləli iki muftalı “robot” və səkkiz pilləli “avtomat” daxildir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Opsional tam ötürmə sistemi arxa çoxqollu asma ilə birləşdirilir və qar, palçıq və qumda hərəkət üçün müvafiq rejimlərə malikdir. Modelin tarixindəki ilk hibridin gələn il işıq üzü görəcəyi gözlənilir. Texniki xüsusiyyətləri hələlik açıqlanmayıb, lakin artmış səmərəlilik, enerjini xarici qurğulara ötürmə qabiliyyəti (V2L) və yeni rekuperativ əyləcləmə sistemi vəd edilir.

İkinci nəsil Kia Seltos krossoverinin istehsalına bu il başlamaq planlaşdırılır. Onun ilk bazar Hindistan olacaq, 2026-cı ildə isə, populyar krossover Cənubi Koreya, Şimali Amerika, Avropa və Çində satış debütü edəcək. ABŞ bazarı üçün versiya 2027-ci ildə debüt etməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.