Lamborghini şirkətinə yenidən canlandırılmış Countach LPI 800-4 modelinin bütün nəşrini satmağa üç gündən az vaxt tələb olunub. Başlanğıc qiymətinin iki milyon avrodan çox olması heç də kolleksiyaçıları qorxutmayıb: 16 avqust axşamına qədər 112 kupenin hamısı behlənib.
Yeni superkara olan maraq səngimir: iki gün əvvəl markanın Yaponiyadakı dileri istehsal slotunun satışı ilə bağlı elan yerləşdirilib. Növbəyə yazılmaq istəyənlər yəqin ki, əlavə pul ödəməli olacaqlar. Bu barədə Top Gear nəşri xəbər verib.
Lamborghini Countach LPI 800-4 modeli klassik bir kupenin müasir şassi üzərində reinkarnasiyasının nümunəsidir. Dizaynerlər həm orijinal LP 400 S prototipi, həm də LP 500 seriya kupesi ilə maksimal bənzərliyinə nail olmağa çalışıblar.
Yeni model Lamborghini Sian FKP 37 superhibridinə əsaslanır: Countach superkarının remeyki adı çəkilən modeldən interyeri, şassini, 6,5-litrlik V12 atmosfer mühərrikini, superkondansatoru və 7-pilləli “robotdan” ibarət olan güc qurğusunu alıb. Hibrid qurğunun ümumi gücü 814 at qüvvəsi təşkil edir, buna görə də, dinamika baxımından Countach LPI 800-4 modeli Aventador SVJ və Sian FKP 37 superkarlarından heç də geri qalmır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.