2021-ci ilin ən çox gözlənilən yeni modellərindən biri olan Toyota Land Cruiser 300 ofrouderi bir daha məlumat sızmasının qurbanı olub. Bu dəfə markanın Cənubi Afrika bölməsi modelin yeni platformaya keçdiyi, ölçüləri və ötürmələr qutusu barədə məlumatı sızdırıb.
Land.cruiser.300 Instagram profilində iki yeni yazı peyda olub. Onlardan biri nəsil dəyişikliyi ilə Toyota Land Cruiser modelinin TNGA-F arxitekturasına keçəcəyini (2022-ci model ilinin Tundra pikapı da bu platformaya əsaslanır) və 10-pilləli avtomatik ötürmələr qutusunu alacağını təsdiqləyir.
Yeni Land Cruiser ofrouderi Tundra modeli ilə təkcə platformanı deyil, həm də 415 at qüvvəli 3,5-litrlik V6 turbomühərrikini də bölüşəcəkdir. Alternativ olaraq 309 at qüvvəli 3.3-litrlik V6 turbodizeli də təklif ediləcəkdir.
Toyota Land Cruiser modeli alüminiumdan hazırlanmış dam və tutumu 15 litr azaldılmış yanacaq çəni sayəsində sələfindən daha yüngül olacaqdır.
Yeni Land Cruiser GR Sport modelinin uzunluğu 4965 millimetr, ZX versiyasının isə 4985 millimetr olacaqdır. Ofrouderin hündürlüyü 1945 millimetrdir (sələfinə nisbətən +35 millimetr daha çox), eni isə 1990 millimetrdir. Oxlar arasındakı məsafə də eynidir və 2850 millimetr təşkil edir. Klirens də dəyişməyib - 230 millimetr.
Yeni Toyota Land Cruiser modelinin təqdimatı 31 may - 1 iyun tarixlərində keçirilməlidir.