Jaguar Land Rover alyansının Avstraliya filialının ictimayyətlə əlaqələr xidmətinin başçısı Tim Kriger yerli mətbuata verdiyi müsahibədə yeni nəsil Land Rover Defender modelinin təqdimat tarixi barədə məlumat verib. Onun sözlərinə görə, seriya modelinin təqdimatı sentyabr ayında keçiriləcəkdir. Bu ya Frankfurt avtosalonunda və yaxud ayrica tədbirdə baş tuta bilər. İlk sifarişçilər yeni ofrouderi 2020-ci ilin əvvəlində təhvil alacaqdırlar.
Texniki cəhətdən yeni Defender cari Land Rover Discovery ofrouderi ilə bənzər olacaqdır. Bütöv körpülər keçmişdə qalacaqdır. Cəsus fotoşəkillərinə diqqət yetirsəniz arxa müstəqil asqını görmüş olarsınız. Şirkətdən yeni ofrouderin yolsuzluq qabiliyyətini itirməyəcəyini də bildiriblər. Britaniyalı jurnalistlər prototipin nömrəsində istifadə edərək onun 2,0-litrlik dizel mühərriki ilə təchiz edildiyini müəyyən ediblər. Lakin, benzin və hibrid güc aqreqatlarının da avtomobilin mühərrik çeşidinə daxil ediləcəyi şübhəsizdir.
Məlum məsələdir ki, yeni Defender sələfindən daha zəngin və bahalı olacaqdır. Bununla belə, ofrouderin Afrika və Cənubi Amerika bazarına ünvanlanmış utilitar modifikasiyalarının olacağı da istisna edilmir. Ümumiyyətlə, Defender ailəsi geniş olacaqdır: beşqapılı variantla yanaşı qısabazalı versiyanın, furqonun, həmçinin uzun və qısa bazalı pikapın da olacağı güman edilir.