Lotus markasının yenidən dirçəltməyə hazırlaşdığı Esprit superkarının mühərriki barədə yeni təfərrüatlar açıqlanıb. Geely və Renault şirkətlərinin birgə müəssisəsi olan Horse Powertrain tərəfindən hazırlanmış 4,0-litrlik V8 biturbo mühərrikin hasliatı 671 at gücündən çox olacaq.
W40 indeksli yeni mühərrik silindr cərgəsinin arasında yerləşdirilmiş iki turbokompressorlu “hot-vee” konstruksiyasına malikdir. Bu quruluş giriş və çıxış yollarını qısaldaraq mühərrikin daha yığcam olmasına imkan verir. Yanacağın birbaşa püskürtülməsi sistemi və yüngül materialların tətbiqi sayəsində aqreqatın çəkisi təxminən 200 kiloqramdır. Mühərrikin fırlanma anı isə 800 Nm təşkil edir.
W40 mühərriki səkkiz pilləli, yaş muftalı ikili muftalı avtomatik transmissiya ilə birlikdə işləyəcək. Geely və Renault tərəfindən hazırlanmış bu qutu 1050 Nm-dək fırlanma anın “həzm” edə bilir. Ötürmələrin dəyişdirilməsi 20 millisaniyədən az vaxt aparır, muftanın qoşulmağa hazırlanması isə 50 millisaniyədən də qısadır.
Horse Powertrain yeni V8 Lotus-un Type 135 kod adlı modelində istifadə olunacağını təsdiqləyib. Bu avtomobilin 2028-ci ildə debüt edəcəyi gözlənilir və onun əfsanəvi Esprit modelinin müasir varisi olacağı bildirilir.
Hibrid güc qurğusunun ümumi hasilatının 1000 at gücünü keçəcəyi gözlənilir. Daha əlçatan versiyada isə eyni birgə müəssisənin hazırladığı V6 mühərrikindən istifadə olunacaq.
Lotus yeni Esprit-in çəkisini təxminən 1500 kiloqram səviyyəsində saxlamağı hədəfləyir. Şirkət bu məqsədlə böyük batareyaya ehtiyac duymayan adi hibrid sistemə üstünlük verir. Elektrik mühərriklərinin ön təkərləri, V8-in isə arxa oxu hərəkətə gətirməsi halında avtomobil tamötürməli olacaq.
Lotus daha əvvəl Formula 1 texnologiyaları əsasında hazırladığı 50 kVt gücündə elektrik mühərrikinin çəkisini 75–95 kiloqramdan cəmi 20 kiloqrama endirmək niyyətini də açıqlamışdı. Bu yanaşma yeni superkarın yüngüllük fəlsəfəsinə uyğundur.
W40 mühərrikinin gələcəkdə digər markaların avtomobillərində də istifadə olunması istisna edilmir. Geely-nin geniş avtomobil imperiyasına Volvo, Polestar, Zeekr və Lynk & Co kimi markalar daxildir. Yeni V8-in bir neçə istehsalçı arasında paylaşılması onun hazırlanmasına çəkilən xərcləri daha səmərəli edə bilər.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









