Bu, yeni Mazda CX-60 krossoverinin ilk tizeridir. Qeyd etməliyik ki, keçən ilin noyabr ayında yeni krossoverin kamuflyajsız görüntüsü casuslar tərəfindən dərc edilmişdi. Yeni krossover reklam çarxlarının çəkilişi zamanı casusların obyektivlərinə tuş gəlmişdi. Maraqlıdır ki, tizer Mazda şirkətinin Avropa bölməsi tərəfindən dərc edilib. Yeni krossoverin 8 mart tarixində keçiriləcək təqdimatının təşkili də bu bölməyə həvalə olunub.
Mazda CX-60 krossoveri böyük modellər (Large Product Group) ailəsinin ilk üzvü olacaqdır. Bu modellər uzununa yerləşən mühərrikə, əsas arxa ötürməyə və ön oxdakı muftaya malik olan yeni platformada inşa ediləcəkdirlər. Bu model çeşidi beynəlxalq olacaq, lakin müxtəlif bazarlar üçün Mazda müxtəlif modelləri hazırlayacaqdır.
Məsələn, CX-60 modeli Yaponiya və Avropa bazarları üçün nəzərdə tutulub. Eyni zamanda, model çeşidində üçcərgəli Mazda CX-80 modeli də peyda olacaqdır. Amerika bazarı üçün isə, bu modellərin daha iri versiyaları olan CX-70 və CX-90 indeksli modellər hazırlanacaqdır.
Artıq şirkətdən bildirildiyi kimi, bu modelləri üçün sıralı altısilindrli Skyactiv-X (benzin) və Skyactiv-D (dizel) mühərrikləri hazırlanır. Hər iki mühərrik 48-voltluq startyor-generatora malik olacaqdır. Krossoverin, dördsilindrli mühərrikin əsasında yaradılmış 300 at qüvvəli qoşulan hibrid güc qurğusu ilə təchiz edilmiş versiyasının da olacağı bildirilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.