Bir neçə gün bundan əvvəl Mazda şirkəti yalnız Şimali Amerikan bazarı üçün hazırladığı CX-50 krossoverini təqdim etmişdi. Təqdimatdan bir gün keçməmiş Şəbəkəyə başqa bir Mazda krossoverinin görüntüləri sızdırılmışdı. Söhbət daha böyük və daha bahalı CX-60 modelindən gedir. Krossoverin görüntüləri olan videoçarx YouTube kanalındakı CSK Review hesabı tərəfindən dərc edilsə də, sonradan bu görüntülər kanaldan silinmişdi.
Lakin bəzi istifadəçilər promovideonun çəkilişi zamanı qeydə alınan videogörüntülərdən skrinşotlar etməyə imkan tapıblar və bu gün biz həmin təsvirləri sizin diqqətinizə çatdırırıq.
Mazda CX-60 krossoveri böyük modellər (Large Product Group) ailəsinin ilk üzvü olacaqdır. Bu modellər uzununa yerləşən mühərrikə, əsas arxa ötürməyə və ön oxdakı muftaya malik olan yeni platformada inşa ediləcəkdirlər. Bu model çeşidi beynəlxalq olacaq, lakin müxtəlif bazarlar üçün Mazda müxtəlif modelləri hazırlayacaqdır.
Məsələn, CX-60 modeli Yaponiya və Avropa bazarları üçün nəzərdə tutulub. Eyni zamanda, model çeşidində üçcərgəli Mazda CX-80 modeli də peyda olacaqdır. Amerika bazarı üçün isə, bu modellərin daha iri versiyaları olan CX-70 və CX-90 indeksli modellər hazırlanacaqdır.
Skrinşotlardan da göründüyü kimi, Mazda CX-60 modeli firma üslubunda dizaynı və ön təkər tağı ilə kapı arasındakı “nüfuz məsafəsi” olan arxaötürməli nisbətləri ilə seçilir. Artıq şirkətdən bildirildiyi kimi, bu modelləri üçün sıralı altısilindrli Skyactiv-X (benzin) və Skyactiv-D (dizel) mühərrikləri hazırlanır. Hər iki mühərrik 48-voltluq startyor-generatora malik olacaqdır. Krossoverin, dördsilindrli mühərrikin əsasında yaradılmış qoşulan hibrid güc qurğusu ilə təchiz edilmiş versiyasının da olacağı bildirilir.
Mazda CX-60 modelinin debütü yaxındır. Yeni krossoverin təqdimatı gələn ilin əvvəlində baş tutmalıdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.