Mazda CX-60 krossoveri bir ay bundan əvvəl Avropada debüt edib və klassik quruluşlu yeni platformada inşa edilmiş ilk Mazda modeli olub. Lakin təqdimat zamanı yapon istehsalçısı krossoverin yalnız müasir Avropa üçün ən uyğun olan hibrid versiyasını təqdim etmışdi. İndi isə, CX-60 modelinin təqdimatı doğma vətəni Yaponiyada baş tutub və Mazda burada daha çox təfərrüatları açıqlayıb!
Uzunluğu 4740, klirensi isə 180 millimetr olan krossover daxili bazarda dörd variantda təklif olunur. Baza versiyası artıq bizə tanış olan 2,5-litrlik dördsilindrli Skyactiv-G atmosfer mühərriki ilə təklif edilir. 13:1 həndəsi sıxılma nisbətinə malik olan aqreqat 188 at qüvvəsi və 250 Nm hasil edir.
Eyni mühərrikin, lakin bir qədər gücləndirilmiş versiyasını (191 at qüvvəsi, 261 Nm) Mazda markasının ilk e-Skyactiv PHEV plagin hibridinə quraşdırırlar. Benzin mühərriki ilə ötürmələr qutusunun arasında 175 at qüvvəsi və 270 Nm hasil edən elektrik mühərriki yerləşdirilib. Sistemin ən yüksək hasilatı 327 at qüvvəsi və 500 Nmə bərabərdir: bu, Mazda şirkətinin tarixindəki ən güclü minik avtomobilidir.
e-Skyactiv PHEV güc aqreqatı
Hibrid, salon döşəməsinin altında yerləşən 17,8 kilovat/saat tutumu olan litium-ion dartma batareyası ilə təchiz edilir. Tam dolu batareya elektrik rejimində 63 kilometr məsafə qət etməyə imkan verir. Elektrik rejimində 100 km/saat həddinə qədər sürətlənmək olar.
Hibrid rejimdə pasport üzrə yanacaq sərfiyyatı 100 kilometrə 1,5 litrdir. Belə krossover 100 km/saat həddini 5,8 saniyəyə toplayır və 200 km/saatlıq maksimal sürətə malikdir.
Skyaktiv D 3.3 turbodizeli
Mazda CX-60 modelində 3,3-litrlik altısilindrli Skyactiv-D turbodizeli də debüt edib. Bu aqreqat mövcud olan 2,2-litrlik dördsilindrli mühərrikin əsasında yaradılıb: silindrin diametri saxlanılıb (86 millimetr), porşenin gedişi isə 94.3-dən 94.2 millimetrə qədər azaldılıb. Sıxılma nisbəti 15.2: 1-dir. Yeni mühərrik baza versiyasında 231 at qüvvəsi və 500 Nm hasil edir.
Turbodizelin əsasında tam ölçülü hibrid olmayacaqdır, lakin 48-voltluq M Hybrid Boost starter-generatoru olan “mülayim” e-Skyactiv D hibridi nəzərdə tutulub - elektrik əlavəsi 17 at qüvvəsi və 153 Nm fırlanma anına malikdir, start-stop sistemi çərçivəsində işləyir və sürətlənmənin ilk saniyələrində daxili yanma mühərrikinə yardım edir.
e-Skyaktiv D güc aqreqatı
0,33 kilovat/saatlıq batareya ön sərnişin oturacağının altında yerləşir. "Mülayim" hibridin dizel mühərrikinin gücü 254 at qüvvəsinə, fırlanma anı isə 550 Nm-ə qədər artırılıb. Maksimal sürət - 220 km/saat, 100 km/saata sürətlənmə müddəti isə 7,3 saniyədir.
Dörd modifikasiyanın hər biri eyni ötürmələr qutusuna malikdir. Bu, Mazda şirkətinin öz məhsulu olan səkkiz pilləli "avtomatıdır": o, dörd planetar cərgəsi olan ənənəvi konstruksiyaya malikdir, lakin hidrotransformatorun əvəzinə yaş mufta quraşdırılıb. Bənzər həll yolundan uzun müddətdir ki, AMG bölməsi istifadə edir.
e-Skyaktiv D güc aqreqatı olan versiya
Təəssüflər olsun ki, Mazda CX-60 modelinin daimi tam ötürməyə malik olması ilə bağlı verilmiş bəyanat yanlış çıxıb.Mazda şirkətinin tətbiq etdiyi i-Activ AWD transmissiyası arxa oxun daimi ötürməsinə və ön oxudakı çoxdiskli JTEKT muftasına malikdir.
Bu mufta həmişə öncədən dartma vəziyyətində işlədiyi üçün, marketoloqlar daimi tam ötürmə barədə məlumat verməyə cəsarət ediblər.
e-Skyaktiv PHEV güc aqreqatı olan versiya
Mazda CX-60 krossoverlərinin Yaponiya bazarındakı satışlarına payızda başlanacaqdır. Bununla belə, təkrar doldurulan hibridlər Avropada yayda satışa çıxmalıdırlar.
Yeri gəlmişkən, çeşiddə ən azı daha bir modifikasiyanın peyda olması gözlənilir – bu, 3,0-litrlik sıralı altısilindrli e-Skyactiv X benzin mühərriki ilə təchiz ediləcək krossoverdir. Bütün güc aqreqatları "böyük" ailənin (Large Product Group) digər modellərində də istifadə olunacaqlar.
i-Activ AWD transmissiyası
Artıq Mazda mühəndisləri növbəti nəsil Skyactiv EV tam elektrik platformasının üzərindəki çalışmalara başlayıblar. Yeni elektrik platformasına əsaslanacaq ilk avtomobillərin 2025-ci ildə işıq üzü görəcəyi gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.