Mercedes-Benz C-Class modelinin yeni nəsli yalnız dördsilindrli mühərriklər ilə təklif olunur və bu məhdudiyyət təkcə “qaynar” AMG C 43 modelinə deyil, hətta C 63 indeksli top versiyaya da şamil edilib. Bildiyimiz kimi, artıq bu rəqəmlər “bərkgedən” avtomobillərin kapotunun altındakı mühərrikin həcminə işarə etmir.
Əvvəlki nəsil C 63 modeli 4,0-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gəlirdi, lakin artıq belə mühərrik təklif edilməyəcəkdir. Mercedes-AMG C 63 S E Performance adlandırılmış yeni “bərkgedən” model 2,0-litrlik dördsilindrli mühərriki olan hibriddir.
“Bərkgedən” sedan və universalın kapotunun altında üç il əvvəl önötürməli AMG modellərində debüt etmiş M139 mühərriki yerləşir. Sonradan uzununa yerləşdirilmək üçün adaptasiya edilmiş M139l versiyası turbokompressorun elektrik ötürməsini əldə edib.
Lakin C 63 üçün onun daha böyük turbini olan ən güclü versiyası hazırlanıb: AMG bölməsi bu aqreqatı ən güclü dördsilindrli seriya mühərriki adlandırır.
Burada yalnız bir turbokompressor var, turbin və kompressor təkərləri arasındakı vala isə elektrik mühərriki quraşdırılıb. O, 400 voltluq elektrik şəbəkəsindən qidalanır (kiçik modellərdəki 48 voltluq şəbəkə əvəzinə), 150 min dövr/dəqiqəyə qədər fırlana bilir.
Üstəlik, elektrik mühərriki elektronikanın əmri ilə dərhal işə düşərək, işlənmiş qaz axının turbini fırlatmasını gözləmədən kompressor çarxını sürətləndirir. Elektrik üfürməsi turbogecikməni minimuma endirir, habelə qaz pedalının qısamüddətli buraxılması zamanı təzyiqi sabit saxlayır.
Mühərrikin hasilatı 476 at qüvvəsi və 545 Nm fırlanma anıdır. Güc aqreqatı hidrotransformatorun əvəzinə yaş mufta quraşdırılmış doqquz pilləli planetar AMG Speedshift MCT-9G “avtomatı” ilə tandemdə çalışır. Üstəlik, tərpənmə zamanı mühərrikə kömək edən kəmərli startyor-generator da var.
Hibrid üstqurum bir il bundan əvvəl təqdim olunmuş Mercedes-AMG GT 63 S E Performance liftbəkindəki ilə eynidir. Arxa oxda tərkibinə 204 at qüvvəsi və 320 Nm hasil edən elektrik mühərriki, ikipilləli transmissiya (ikinci ötürmə 140 km/saatdan sonra işə düşür) və elektrok kilidli təkərlərarası differensial daxildir. Bundan əlavə, “mexaniki” 4Matic+ transmissiyası da var: C 63 ilk dəfə tam ötürməli olub.
Hibrid rejimində kardan fırlanma anını daxili yanma mühərrikindən arxa oxa ötürür. Lakin ondan sırf elektrik rejimində (125 km/saata qədər) hərəkət üçün də istifadə oluna bilər. Əgər arxa təkərlər sürüşərsə, elektronika standart paylayıcı qutu və mərkəzi muftadan istifadə edərək fırlanma anının bir hissəsini arxa elektrik mühərrikindən ön oxa ötürə bilər.
Litium-ion dartma batareyası xüsusi olaraq AMG modelləri üçün hazırlanıb. O, arxa oxun üstündə yerləşir, 400 volt gərginliklə işləyir, 89 kiloqram çəkiyə və təvazökar (6,1 kilovat/saat) tutuma malikdir, lakin yüksək enerji mübadiləsi səviyyəsi ilə öyünə bilər.
Nominal rejimdə o 70 kilovat hasil edir, pik hasilat isə, 10 saniyə müddətində 150 kilovata (204 at qüvvəsi) çata bilər. Batareyanı elektrik şəbəkəsindən doldurmaq mümkündür və dörd rekuperasiya səviyyəsi nəzərdə tutulub. Sırf elektrik rejimində qət edilən məsafə cəmi 13 kilomatrdir.
Hibrid güc qurğusunun maksimal hasilatı 680 at qüvvəsinə və 865 Nm-ə bərabərdir. Lakin tərtibatçılar hiyləgərliklə elektrik mühərrikinin ikipilləli transmissiyanın ötürmə nisbətlərini nəzərə almaqlan əldə edilən 1020 Nm göstəricisini irəli sürürlər. Hər halda, bütün bu göstəricilər yalnız dolu batareya ilə əlçatandırlar. Əvvəlki səkkizsilindrli Mercedes-AMG C 63 S modeli istənilən halda 510 at qüvvəsi və 700 Nm malik idi.
Yeni hibrid əvvəlki benzin modeli ilə müqayisədə nəzərəçarpacaq dərəcədə ağırdır. Tam təchizatlı sedan (sürücü ilə) 2111 kiloqram çəkiyə malikdir ki, bu da əvvəlkindən 381 kiloqram çoxdur! Universal daha ağırdır: 2145 kiloqram. Dolu batareya ilə hibrid 100 km/saat həddini 3,4 saniyəyə toplaya bilir ki, bu da əvvəlki modellə müqayisədə 0,6 saniyə azdır.
Maksimal sürət həddi ənənəvi olaraq 250 km/saat (AMG Driver’s Package ilə 280 km/saat) həddinə elektronika tərəfindən məhdudlaşdırılır (universalda - 270 km/saat). Pasport üzrə 100 kilometrə sərf edilən yanacağın miqdarı 9,9-dan 6,9 litrə (WLTP) qədər azalıb.
İdarəetmə elektronikasının səkkiz hərəkət rejimi var: Electric, Comfort (avtomobil elektrik ötürməsilə hərəkətə başlayır), Battary Hold, Sport, Sport +, Race, Slippery və fərdiləşdirilə bilən Individual.
Hibrid tam idarə olunan şassiyə malikdir: aşağı sürətlərdə arxa təkərlər ön təkərlərin əksinə 2,5 dərəcəyə qədər dönərək manevr qabiliyyətini yaxşılaşdırır, magistral yolda isə ön təkərlərlə sinxron şəkildə 0,7 dərəcəyə dönərək dayanıqlığı artırırlar. Yaylı asqı sistemi genişləndirilmiş təkər izinə, orijinal qollara və elektron idarə olunan amortizatorlara malikdir: Comfort, Sport və Sport + rejimləri də nəzərdə tutulub. Ön əyləclər altı porşenli , arxalar isə sadə bir porşenli mexanizmə malikdirlər.
Mercedes-AMG C 63 4Matic+ modeli üçün təkcə orijinal aerodinamik dayaq deyil, həm də yeni kuzov panelləri hazırlanıb. Şişmiş ön qanadlar avtomobili standart modeldən 76 millimetr enli, ön kuzov çıxışı isə, 50 millimetr daha uzun edib.
Standart təkər diskləri 19 düymlükdürlər, lakin 20-düymlük diskləri də sifariş etmək olar. Salonda yeni idman oturacaqları və digər AMG atributları, o cümlədən virtual cihazlar panelinin xüsusi qrafikası var.
Ön qanadlarda “qəlsəmələr" peyda olub, kəsikləri olan yeni kapot isə isti havanın uzaqlaşdırılmasına cavabdehdir. Daha bir vacib məqam: yeni Mercedes-AMG C 63 S E Performance radiator barmaqlığında AMG bölməsinin ayrıca loqotipi quraşdırılan ilk model olub. Görünən odur ki, belə ikiqat “işarələnmə” tezliklə bütün AMG modellərində tətbiq ediləcəkdir.
“Bərkgedən” hibridlər gələn il satışa çıxarılacaqdırlar. Alman mətbuatının əldə etdiyi ilkin məlumata görə, C 63 modellərinin başlanğıc qiyməti 100 min avronu keçəcəkdir. Üstəlik, "kiçik" C 63 (S hərfi olmayan) versiyası artıq modelin modifikasiya çeşidində olmayacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.