Yeni nəsil Mercedes E-Class təxminən bir il əvvəl, 2023-cü ilin aprelində təqdim olunub. O zaman, alman istehsalçısı W214 nəslinin bütün mühərrik çeşidinin bu və ya digər dərəcədə elektrikləşdirilməsi ilə fəxr edirdi. İndi isə, bu elektrikləşdirmə həm sedan, həm də universal kuzovunda təklif olunan 53 indeksli ilk AMG versiyası üçün də keçərlidir.
Mercedes-AMG E 53 modelinin görünüşü onun AMG bölməsinin model xəttindəki başlanğıc mövqeyinə tam uyğundur. Bütün zəruri şərtiliklərə əməl olunub, lakin bu ifrata varmadan həyata keçirilib. Ön tərəf şaquli barmaqlıqları olan radiator barmaqlığı, genişləndirilmiş (+22 millimetr) hava girişləri və splitteri olan bamper ilə bəzədilib.
Ön qanadlarda yalançı “qəlsəmələr” peyda olub, arxada isə, buraxılış sisteminin dörd çıxış borusu və quraşdırılmış diffuzor (sedan üçün əlavə olaraq kiçik spoyler) quraşdırılıb. Başlanğıc səviyyəli Mercedes-AMG E 53 modeli 19-düymlük təkər diskləri ilə təchiz olunur. Əlavə ödəniş müqabilində isə, 20 və 21 düymlük variantlar təklif olunur.
Yeni Mercedes-AMG E 53 hibrid texnologiyasını Mercedes-AMG GLE 53 krossoveri ilə bölüşür. Hibrid güc qurğusu 3,0-litrlik sıralı altısilindrli M256 turbomühərrikinə əsaslanır. Mühərrik krossoverdəki kimi 449 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edir.
“Turboaltılıq” inteqrasiya olunmuş elektrik mühərriki (163 at qüvvəsi, 480 Nm) olan doqquz pilləli AMG Speedshift TCT 9G “avtomatı” ilə tandemdə çalışır. 4Matic+ tam ötürmə sistemi ön oxu qoşan muftaya malikdir.
Sistemin ümumi hasilatı 585 at qüvvəsi və 750 Nm təşkil edir, baxmayaraq ki, GLE modelində güc proqram tərəfindən olaraq 544 at qüvvəsində məhdudlaşdırılıb. Bu, sedanı 100 km/saata 4,0 saniyəyə, universalı isə, 4,1 saniyəyə sürətləndirmək üçün kifayətdir. Hər iki halda maksimal sürət 250 km/saat həddində məhdudlaşdırılır.
Bu göstəriciləri AMG Dynamic Plus paketi vasitəsi ilə artırmaq mümkündür. Pakerin tərkibinə daha böyük diskləri və öndə altı porşenli supportları (standart dörd porşenlinin əvəzinə) olan kompozit əyləc mexanizmləri, elektron idarə olunan arxa differensial, mühərrikin aktiv dayaqları daxildir.
Bundan başqa, güc qurğusunun pik məhsuldarlığını qısa müddətə 612 at qüvvəsinə qədər artıran Race Start funksiyası da mövcuddur. Bu paketlə sedanın maksimal sürəti 280 km/saata, universalın isə 275 km/saata qədər artır, 100 km/saat sürətlənmə isə, müvafiq olaraq, 3,8 və 3,9 saniyəyə endirilir.
Bununla belə, bütün AMG E 53 modelləri istisnasız şəkildə əlavə kuzov gücləndiriciləri, geniş təkər izi və adaptiv iki klapanlı amortizatorları olan AMG Ride Control asqısı, yenidən sazlanmış idarəetmə elektronikası və idarələnən arxa ox ilə təchiz edilirlər.
Hibrid güc qurğusu, elektrik dartması ilə, 140 km/saata sürətlənməyə və 100 kilometrdən çox məsafə qət etməyə imkan verir. Bütün bunlar 28,6 kilovat/saatlıq 400 voltluq dartma batareyası sayəsində mümkündür, lakin gündəlik istifadədə cəmi 21,22 kilovat/saat əlçatandır: qalan tutum Race Start rejimi üçün ayrılıb.
Batareyanı dəyişkən cərəyanlı (11 kilovat) və ya daimi cərəyanlı (60 kilovat) yükləməni dəstəkləyir, rekuperasiyanın maksimal bərpa gücü isə, 120 kilovat təşkil edir ki, bu da avtomobili “bir pedalla” sürməyə imkan verir.
Maraqlıdır ki, üçekranlı MBUX Superscreen paneli hətta AMG versiyası üçün belə, əlavə ödənişlə təklif olunur: o, bir şüşənin altında media sisteminin mərkəzi (14,4 düym) və sərnişin (12,3 düym) ekranlarını birləşdirir.
Rəqəmsal cihazlar paneli (12,3 düym) isə, ayrıca planşetlə kifayətlənir. Bort sisteminə AMG məlumatlarını əks etdirən rejimlər və müvafiq vizual tərtibat “yazılıb”. AMG interyerinin digər xüsusiyyətlərinə Artico dərisi və Microcut mikrofiberi ilə üzlənmiş oturacaqlar, həmçinin nappa dərisi ilə örtülmüş çoxfunksiyalı firma sükan çarxı daxildir.
Satışların başlanğıcında Mercedes-AMG E 53 modeli eksklüziv eksteryer və interyer tərtibatı ilə seçilən Edition 1 salamlama xüsusi versiyasında təklif olunacaq. Avtomobillər yaxın aylarda Avropada satışa çıxmalıdırlar. 53 indeksli versiyalnın təxmini başlanğıc qiyməti 120 min avrodur, lakin yekun qiymət siyahısı daha sonra dərc olunacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.