MB Passion Blog nəşri yeni Mercedes-AMG SL modelinin 2,0-litrlik dördsilindrli mühərrik ilə təchiz ediləcəyini bildirib. Kiçik litrajlı mühərrik rodsterin baza versiyasının kapotunun altında yerləşdiriləcəkdir. Güc aqreqatı 48-voltluq startyor-generator ilə tandemdə çalışacaqdır. İnsayderlərin məlumatına görə, Mercedes-AMG SL 43 modelinin güc qurğusu 390 at qüvvəsinə malik olacaqdır. Hibrid sistem isə sürətlənmə zamanı əlavə 20 at qüvvəsini təmin edəcəkdir.
Yeni Mercedes-AMG SL rodsteri beş ay bundan öncə səkkizsilindrli turbomühərriklər ilə debüt edib. Dördsilindrli turbomühərrik ilə təchiz ediləcək baza versiyası bir qədər sadələşdirilmiş aerodinamik kuzov dəsti və oval formalı çıxış boruları ilə fərqlənəcəkdir.
Alman jurnalistlərinin məlumatlarına görə, AMG SL 43 modeli M 254 mühərriki ilə təchiz ediləcəkdir. Bu mühərrik Mercedes-Benz C300 modelində quraşdırılır. Rodster bu mühərrikin təkmilləşdirilmiş versiyasına sahib olacaqdır - quraşdırılmış startyor-generator və MGU-H sistemi olan Garrett turbokompressoru peyda olacaqdır. Nəticədə mühərrikin hasilatı 258-dən 390 at qüvvəsinə qədər artacaqdır.
Əgər insayder məlumatı doğrudursa, Affalterbax mütəxəssislərinin əlində 2,0-litrlik turbomühərrikə əəsaslanan iki elektrikləşdirilmiş güc qurğusu olacaqdır - M 254 əsaslı “mülayim” və M 139 əsaslı təkrar doldurulan hibrid.
M 254 mühərrikinə əsaslanan hibrid güc qurğusu “43” indeksli modellərdə - AMG SL, yeni AMG C-Class və gələcək AMG GT kupesində quraşdırılacaqdır. Daha güclü təkrar doldurulan hibrid güc qurğusunu isə, yeni Mercedes-AMG C63 modeli ala bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.