Keçən həftənin və aprel ayının sonuncu iş günü Fairmont Baku Flame Tower mehmanxanasının Grand Ballroom zalında Mercedes-Benz şirkətinin rəsmi distribüteri «Autocapital-Azerbaijan» və alman markasının ölkəmizdəki yeganə rəsmi dileri olan «Autostar Kaukasus» şirkətləri yeni nəsil Mercedes-Benz E-Class sedanının və Mercedes-Benz GLS-Class krossoverinin yenilənmiş variantının təqdimat mərasimini keçirmişdirlər.
Təqdimat mərasimində çıxış edən Sergey Novik (Autocapital-Azerbaijan) və Ayaz Mərdanov (Autostar Kaukasus) tədbirə dəvət olunmuş qonaqları salamlayaraq alman markasının yeni modelləri haqqında məlumat verdilər. İlkin olaraq, örtük yenilənmiş Mercedes-Benz GLS modelinin üzərindən qaldırıldı.
Saytımızda dərc edilmiş xəbərdə deyildiyi kimi, almanların «yolsuzluq avtomobillərinin arasında S-Class» adlandırdığı bayraqdar krossoveri müəyyən stilistik dəyişikliklərə məruz qalmışdır.
Bunlara misal olaraq işıq diodlarından hazırlanmış gündüz hərəkət işıqları quraşdırılan yeni ön fənərləri, iri hava girişləri olan təkmilləşdirilmiş ön bamperi, yenilənmiş radiator barmaqlığını, yeni arxa bamperi və digər dizaynlı arxa fənərləri göstərmək olar.
Bundan əlavə, yeni GLS adlnı almış krossover, sələfi olan GL modelindən 10 millimetr daha uzundur.
Rəsmi mərasimin ikinci hissəsində isə, yerli Mercedes-Benz həvəskarlarının səbirsizliklə göslədikləri E-Class modelinin üzərindəki pərdə qaldırıldı. Tədbirdə iştirak edənlərin də ən çox maraq göstrədiyi elə Mercedes-Benz E-Class modeli oldu.
Bildiyimiz kimi, W213 kod adı altında tanınan E-Class sedanının yeni nəsli, C-Class və S-Class avtomobillərinin də istehsal edildiyi MRA modul platformasında yığılmışdır. Yeni avtomobilin təkrələrarası bazası 2939 millimetr təşkil edir ki, bu da sələfində olduğundan 63 millimetr daha çoxdur. E-Class’ın uzunluğu 43 millimetr artaraq 4923 millimetr təşkil etmişdir. Yeni avtomibilin zahiri görünüşü C-Class və S-Class sedanlarından tanış olan dizayn üslubunda tərtib edilmişdir.
Avtomobilin iç məkana gəldikdə isə, ilk növbədə ən çox diqqət cəlb edən, yeni cihazlar panelinin və multimediya sisteminin bir şüşə altında yerləşdirilmiş iki ədəd 12,3-düymlük və 1920x720 piksel icazəli displeylərdir.
Yeni Mercedes-Benz E-Class modeli üçün üç ayrı asqı sistemi təklif olunacaq. Standart yay asqıdan əlavə, Avantgarde modelləri üçün nəzərdə tutulmuş 15 millimetr alçaldılmış asqı, adaptiv amortizatorları olan 15 millimetr alçaldılmış idman xassəli asqı və elektronika tərəfindən nəzarət edilən və tənzimlənən opsional pnevmatik asqı da təklif ediləcəkdir.
Mercedes-Benz şirkətinin yerli nümayəndəliyi ilkin olaraq azərbaycanlı alıcılara E-Class modelini 2,0-litrlik benzin və dizel mühərriki ilə təklif ediləcəkdir. Mercedes-Benz E200 modelinin 2,0-litrlik benzin mühərrikinin gücü 184 at qüvvəsi və 300 Nm fırlanma anı təşkil edir. E200d modeli isə tam yeni 1950 sm³ iş həcmi olan OM654 adlı modul mühərriki ilə təchiz ediir. Bu mühərrik alüminiumdan hazırlanmış silindirlər bloku və blok başlığı, dəyişən geometriyalı turbokompressorla və sürtünməni azaldan Nanoslide adlanan silindr örtüyü ilə seçilir.
Yeni dizel aqreqatın gücü 192 at qüvvəsi və 400 Nm fırlanma anı təşkil edir ki, bu mühərrik çoxlarına tanış olan 2143 sm³ həcmli «dizeli» əvəzləmişdir.
Mercedes-Benz nümayəndələrinin bildirdiyinə görə, yeni mühərrik 100 kilometrə cəmi 3,9 litr yanacaq sərf edir və 100 km/saat sürətini 7,3 saniyəyə toplayır. Mühərrikin CO2 tullantılarının səviyyəsi 102 q/km-dir. Daha güclü dizel variantı olan E350d modeli 258 at qüvvəsinə və 620 Nm flrlanma anına malik olan 3,0-litrlik dizel mühərriki ilə təchiz edilir.
Bütün güc aqreqatları doqquz pilləli 9G-Tronic avtomatik sürətlər qutusu ilə birgə çalışır.
Benzin mühərrikli Mercedes-Benz E200 modelinin qiyməti 77556 manatdan başlayır. Bundan əlavə, dizel aşiqləri E220d (79441 manat) və E350d (95704 manat) variantlarını seçə bilərlər.