L indeksinə malik olan Mercedes-Benz E-Class sedanının şəkilləri və xüsusiyyətləri Çin Sənaye və Ticarət Nazirliyinin açıq kataloqunda yer alıb. Qlobal E-Class modeli ilə müqayisədə Çin versiyasının oxları arasındakı məsafə 133 millimetr artırılıb. Sedanın ümumi uzunluğu və hündürlüyü də artıb – müvafiq olaraq 143 millimetr və 25 millimetr. Yenilik patent sənədlərdə yalnız ən mühafizəkar təchizat (Avropa Exclusive paketinin analoqu) səviyyəsində və M254 benzin mühərriki ilə göstərilib.
Uzunbazalı Mercedes-Benz E-Class sedanını tanımağın ən asan yolu kuzovun arxa dayağına nəzər salmaqdır: arxa qapıdan sonra əlavə pəncərə peyda olub. Digər markerlər xrom nişanlar və baqaj qapağındakı L hərfidir. Bununla belə, Çin sedanı üçün xüsusi təkər diskləri və ya orijinal kuzov dəstləri nəzərdə tutulmayıb.
Çində satılacaq E-Class sedanının uzunluğu 5092 millimetr, eni – 1880 millimetr, hündürlüyü - 1493 millimetr, təkər bazası isə 3094 millimetrdir. Yenilik təkər bazasının ölçüsünə görə, W223 kuzovunda olan S-Class sedanından cəmi 12 millimetr qısadır! Bununla belə, onun mövqeləndirilməsi tamamilə fərqlidir: yeni biznes sedanı Çin bazarına sadə, arxaötürməli E 260 L və E 300 L versiyalarında çıxacaqdır. Hər iki modelin kapotunun altında 204 və ya 258 at qüvvəsi hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik yerləşir.
Uzunbazalı Mercedes-Benz E-Class sedanının rəsmi təqdimatı yayda baş tutmalıdır. Çin bazarından kənarda belə sedanlar təklif edilmirlər. Ailənin digər gözlənilən yeni məhsulları arasında universallar, AMG versiyaları, həmçinin ayrıca CLE ailəsindən olan kupe və kabrioletlər var.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.