Daimler konserni söz verdiyi kimi, ilin sonunda yeni nəsil Mercedes-Benz G-Class modelinin dizel mühərriki ilə təchiz edilmiş modifikasiyasnı təqdim edib. Mercedes-Benz G 350 d adlanan model keçən il minik avtomobillərində debüt etmiş OM656 turbodizelinə sahib olub. Bir müddət öncə, bu mühərrik Mercedes-Benz GLE-Class modelinin də mühərrik çeşidinə daxil edilib.
2,9-litrlik həcmə malik olan altısilindrli sıralı mühərrik 286 at qüvvəsi və 1200 dövr/dəqiqədə əlçatan olan 600 Nm fırlanma anı hasil edir. Müqayisə üçün, əvvəlki 3,0-litrlik V6 mühərriki 245 at qüvvəsi və 1600 dpvr/dəqiqdə 600 Nm fırlanma anı təklif edirdi. Yeni G 350 d 100 km/saat həddinə 7,4 saniyəyə sürətlənir və 199 km/saat maksimal sürət həddinə malikdir.
Dizel modifikasiyasının transmissiya benzin variantlarla eynidir: doqquz pilləli 9G-Tronic «avtomatı», oxlar arası differensiala malik olan qeyri-simmetrik (arxa oxun xeyrinə 40:60 nisbətində) tam çəkiş sistemi və üç qapanma. Təchizat məsələsində də G 350 d benzin mühərrikli modifikasiyalardan heç də geridə qalmır.
Yeri gəlmişkən, dizel modifikasiyası ofrouderin ən əlçatan modifikasiyası olacaqdır. Çox güman ki, yeni G-Class modelinin dizel modifikasiyasını Azərbaycanda da sifariş etmək mümkün olacaqdır.