Sentyabr ayı yaxınlaşdıqca, yeni nəsil Mercedes-Benz S-Class modelinin sınaq prototiplərinin üzərindəki kamuflyaj örtüyü də seyrəlməyə başlayıb. Bu gfünlərdə casuslar bayraqdar sedanın minimum kamuflyaja malik olan prototipinə rast gəliblər.
Şəkillərdən də göründüyü kimi, yeni flaqmanın dizaynı daha çox təkamül xarakteri daşıyır - onun silueti demək olar ki, dəyişilməz qalıb. Bununla belə, yeni S-Class sedanı alman markasının son modellərində əksini tapmış bir sıra dizayn həllərini özündə cəmləyib. Buna misal olaraq, yeni ön işıq texnikasını göstərmək olar - fənərlərin forması bir müddət bundan öncə debüt etmiş E-Class ailəsi və GLC krossoverindəkinə bənzəyir.
Radiator barmaqlığının ölçüsü də genişlənmişdir, ön bamperlərin forması isə flaqman krossoveri olan GLS modelinin bamperinin formalarını təqlid edir.
Bir müddət bundan öncə, Mercedes-Benz şirkəti yeni S-Class modelinin multimedia sistemi barədə məlumat verib. Yeni flaqman sedanı maşın təlimi texnologiyalarından istifadə edən ikinci nəsil MBUX (Mercedes-Benz User Experience) multimedia kompleksi alan ilk avtomobil olacaqdır. Şirkət kompleksin idarəedilməsini daha da asanlaşdırıb, şəxsi profillərin yadda saxlanılması imkanını tətbiq edib, həmçinin çoxlu sayda fiziki düymələrdən imtina edib.