Mercedes-Benz markasının bayraqdar sedanı olan S-Class modelinin bu ilin sonuna qədər nəsil dəyişdirəcəyi gözlənilir. Lakin, alman istehsalçısı, hələlik yeni flaqman haqqında məlumatla bölüşmək niyyətində deyil. Bu səbəbdən də, avtomobildə tətbiqini tapmış yeniliklər haqqında məlumatı yalnız casuslar vasitəsi ilə əldə etmək mümkündür.

Bu günlərdə Instagram sosial şəbəkəsində dərc edilmiş növbəti şəkil bizi maraqlı bir məlumatla təchiz edib. Şəkildə, gələcək bayraqdar sedanının sürücü tərəfdəki qapı paneli təsvir edilib – burada alman markasının avtomobilləri üçün ənənəvi olan ağacdan hazırlanmış dekor elementlərini, oturacaqların tənzimlənməsi düymələrini görmək olar. Ən maraqlısı isə, bu düymələrin yanında yerləşdirilmiş sensorlu displeydir. İlkin məlumatlara görə, bu panel sükan qolunun və oturacaqların yaddaşına cavabdeh olacaqdır.

Bundan başqa, qapıda Canatu və Faurecia yazılarını da görmək olar ki, bu da Daimler AG konserninin Parisdə yerləşən və cari S-Class modeli üçün komponentlər istehsal edən malgöndərəninə işarə edir. Bu şəklin Mercedes-Benz markasından olan avtomobilə aid olması barədə şübhələri displeydə təsvir edilmiş loqotip aradan qaldırmalıdır.

Yeni nəsil Mercedes-Benz S-Class modelinin prinsipcə yeni salon arxitekturasına sahib olacağı məlumdur. Belə ki, üfüqü şəkildə yerləşən mərkəzi displey yerini iri planşetə verməlidir. Yeni S-Class modelinin bizə hansı sürprizləri hazırladığı barədə məlumat yaxın zamanlarda məlum üzə çıxa bilər.

Şayiələrə görə, alman mühəndislərinin S-Class sedanı üçün hazırladıqları inqilabi yeniliklər alman markasının digər modellərində də tətbiq ediləcəkdir. Ehtimallara görə, S-Class ailəsi ikiqapılı modellərdən məhrum olacaqdır: məqsəd daxili rəqabəti aradan qaldırmaqdır.