Yeni S-Class ailəsinin növbəti üzvü Mercedes-Benz şirkətinin Guard bölməsi tərəfindən təqdim olunub. Bu, Mercedes-Benz S 680 Guard 4Matic adlanan zirehli sedandır. Almanlar zirehli sedanı, bu günə ən güclü müdafiəyə malik olan minik avtomobili kimi səciyyələndirirlər.
Zirehli sedan, VPAM standartının VR10 qoruma səviyyəsinə tam cavab verir. Bu isə, zirehin 7.62x54 millimetrlik patronu olan SVD tüfənginin zirehdeşici-alışdırıcı güllələrinə tab gətirə bildiyindən xəbər verir. Məsələn, əvvəlki S-Class Guard və hazırki Audi A8 Security sedanı VR9 səviyyəsi üzrə sertifikatlaşdırılıblar və yalnız kuzovun bəzi zonaları VR10 dərəcəsinə malikdir. Daha ciddi qorunma səviyyələri yalnız xüsusi nəqliyyat vasitələri üçün nəzərdə tutulur.
Guard bölməsinin mütəxəssisləri yeni zirehli S-Class sedanın yaradılmasının dəqiq reseptini açıqlamırlar. Ancaq mövcud məlumatlardan bəzi nəticələr çıxarmaq olar. Məsələn, əvvəl çoxqatlı yan pəncərələrin qalınlığı təxminən 6 santimetr idisə, indi onların qalınlığı 10 santimetrdir. Üstəlik, dörd qapının hamısında hidravlik (əvvəllər pnevmatik) şüşəqaldıranlar quraşdırılıb.
Əvvəllər Guard bölməsində orijinal S-Class modelinin kuzovunu ciddi şəkildə dəyişdirirdilərsə, indi onu faktiki olaraq yenidən yaradırlar. Tanış xarici panellərin altında zirehi quraşdırmaq üçün optimallaşdırılmış başqa güc strukturu yerləşir. Yeni zirehli avtomobilin əvvəlkindən (4,3 ton) cəmi 100 kiloqram ağır olduğunu nəzərə alsaq, müasir keramik zirehlərdən daha geniş istifadə edildiyini söyləmək olar.
Zirehli S-Class modelini yalnız uzun bazalı versiyada, dörd və ya beş yerlik salon ilə sifariş etmək olar. Adi sedanın opsional avadanlıq siyahısında mövcud olan bütün seçimlər zirehli sedan üçün də əlçatandırlar. Xüsusi avadanlıq siyahısına yanğınsöndürmə sistemi, salona hava verilməsi üçün oksigen balonu və “küçə” ilə danışıqlar aparmaq üçün interkom daxildir.
Bundan başqa, xüsusi siqnalları və bayraq dirəklərini sifariş etmək olar. Yeri gəlmişkən, xarici qapı tutacaqları opsional irəli çıxanlar deyil, adi tutacaqlardır. VIP şəxslərin qorunması məsələsində yalnız etibarlı və sınanmış həllərdən istifadə olunur.
Mercedes-Benz S 680 Guard 4Matic modeli 612 at qüvvəsi və 830 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 biturbo mühərriki ilə təchiz olunur. Məlum olduğu kimi, “yüngül” sedanlar arasında belə aqreqat ilə yalnız Mercedes-Maybach S-Class sedanı təchiz edilir. Eyni zamanda, S 680 Guard 4Matic modeli tam ötürməli ilk zirehli zavod sedanıdır: əvvəllər Guard bölməsi yalnız arxa ötürməli avtomobillər ilə işləyirdi. Zirehli sedanın maksimal sürəti 190 km/saat həddində məhdudlaşdırılıb.
Avtomobilin transmissiyası gücləndirilmiş və asqı sisteminin əksər elementləti dəyişdirilmişdir. Belə avtomobillərin təchiz olunduğu PAX şinləri deşildikdən sonra avtomobilə hərəkəti davam etdirməyə imkan verir. Lakin belə vəziyyətdə icazə verilən yürüş məsafəsi cəmi 30 kilometrdir.
Yeni Mercedes-Benz S 680 Guard 4Matic modelinə sifarişlər artıq qəbul olunur. Almaniyada zirehli sedanın başlanğıc qiyməti 547 min avrodur. Bir avtomobilin istehsalı 51 iş günü çəkir. Böyük ehtimalla, bu müddətə tezliklə yaranacaq mümkün növbədə gözləmə zamanı daxil deyil. Alman KİV-lərində belə zirehli sedanın yeni S-Class modelinin yeganə zirehli versiyası olacağı barədə məlumatlar yayılıb. əgər çayiələr doğrudursa, yeni Pullman Guard limuzinini gözləmək lazım deyil.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.