Bu günlərdə SAIC konserni yaxın vaxtlarda debütü gözlənilən yeni MG 7 modelinin rəsmi şəkillərini dərc edib. Şəkillərdən göründüyü kimi, yeni avtomobil axıntılı görünüşü olan fastbək kuzovuna malikdir. Bundan başqa, yeni modelin 2,0-litrlik turbpmühərriklə təchiz ediləcəyi də bildirilib.
Rəsmi şəkillərdən göründüyü kimi, yeni MG 7 fastbəkinin kuzovu, vizual olaraq ağırlıq mərkəzini aşağı salan və onu kupeyə bənzədən mükəmməl cizgilərə malikdir. Bundan başqa, şanvari naxışa malik olan radiator barmaqlığı kapotun üzərindəki çıxıntılarla və iti formalı fənərlərlə birlikdə modelə daha aqressiv görkəm bəxş edəcəkdir. Çox güman ki, yeni modeldə çərçivəsiz qapılardan da istifadə olunacaqdır.
Arxa tərəfə gəldikdə isə, burada avtomatik olaraq qatlanan spoyler və LED fənərlərin quraşdırıldığını görmək olar. MG 7 modelinin arxa bamperindəki diffuzor və buraxılış sisteminin dörd çıxış borusu onun aqressiv görünüşünü bir qədər də gücləndirməlidir.
Şəkildəki fastbəkin kuzovu Fei Leng Cui adlanan xüsusi yaşıl rəngə boyanıb. Bundan başqa, MG 7 modelinin təchizatına ikirəngli beşqollu təkər disklərinin və qırmızı rəngli əyləc supportlarının da daxil olduğunu da qeyd etmək gərəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.