Hazırda MG markası Çin bazarında iki krossover təklif edir – bunlar, ZS və Pilot modelləridir. İndi isə bu cütlüyə MG One adlı üçüncü krossover qoşulmağa hazırlaşır. Üstəlik, MG markasının sahibi olan SAIC konserni bu krossoverlə xarici bazarları fəth etməyi düşünür. İlkin məlumata görə, One modelinin istehsalı Hindistanda təşkil ediləcəkdir. Krossover əvvəlcə Böyük Britaniyada, sonra isə kontinental Avropada satışa çıxarılacaqdır.
Ölçüləri baxımından MG One modeli Pilot krossoverindən bir qədər kiçikdir və daha çox VW Tiguan krossoverinə yaxındır: onun uzunluğu 4579 millimetr, eni - 1866 millimetr, hündürlüyü isə 1601 millimetrdir. Təkər bazasının genişliyi 2670 millimetr təşkil edir.
One modelinin dizyanı keçən il MG Pilot krossoverində nümayiş etdirilmiş hazırki firma dizayn üslubunun inkişaf istiqamətini göstərir. Bu üslubun əsas xüsusiyyəti, radiator barmaqlığının aşağıya salınmış və bamperin yan bölmələri ilə vizual olaraq birləşdirilmiş geniş formalı "ağzıdır".
Krossoverin ön hissəsi yunan α və β hərfləri ilə işarələnmiş iki tərtibat variantında təklif olunur. Variantlar radiator barmaqlığının naxışları ilə fərqlənirlər.
MG One krossoveri, SAIC konserninin öz markaları üçün hazırladığı yeni Sigma modul platformasına əsaslanır. Yeni platforma təkər bazasını 2600-3000 millimetr aralığında dəyişdirməyə imkan verir, təkər izi isə 1560 ilə 1700 millimetr arasında ölçüyə malik ola bilər.
Bu platforma fərqli arxa asqı növlərinın, benzin və hibrid güc qurğularının (elektrokarlar üçün ayrıca platforma möcuddur) və müasir elektron sistemləri kompleksinin quraşdırılmasını nəzərdə tutur. Bu platformada inşa edilən ilk avtomobil Roewe iMax8 miniveni olub. MG One krossoveri isə, Sigma platformasına əsaslanan ikinci avtomobildir.
Yeni krossover 181 at qüvvəli 1,5-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Güc aqreqatı altı pilləli mexaniki və ya iki muftalı yeddi pilləli "robot" ilə tandemdə çalışacaqdır. Ötürmə - yalnız ön oxadır.
Sonradan modelin mühərrik çeşidinə digər güc qurğularının daxil edilməsi planlaşdırılır. Çin istehsalçısı hələlik salonun şəkillərini dərc etməyib. Yeni MG One krossoveri barədə ətraflı məlumat, onun 30 iyul tarixində keçiriləcək rəsmi təqdimatı zamanı veriləcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.