Münhendə işinə başlamış IAA 2023 sərgisində britaniyalılar tamamilə yeni MINI Cooper hetçbekini nümayiş etdiriblər. Elektrik mühərriki ilə hərəkətə gələn MINI Cooper modelinin britaniyalı sələfləri ilə heç bir ortaq cəhəti yoxdur: benzin mühərrikləri ümumiyyətlə nəzərdə tutulmur, hetçbekin istehsalı isə Great Wall konserni tərəfindən həyata keçiriləcək, əsl dəri və xromdan ümumiyyətlə imtina edilib.
Beşinci nəsildən olan bütün elektrik hetçbekləri MINI Cooper adlanır, baxmayaraq ki, əvvəllər belə adla yalnız seçilmiş təchizat səviyyələri işarələnirdilər. Firma üslubunda kapot, ənənəvi qapı tutacaqları və ya kəsikləri olan radiator barmaqlığı artıq keçmişdə qalsa da, avtomobilin görünüşü 100% tanınandır. Amma yeni hetçbekin aerodinamikası optimallaşdırılıb: Cx əmsalı 0,3-dən 0,28-ə qədər endirilib. Üstəlik, avtomobilin sahibi gündüz hərəkət işıqlarının naxışını dəyişdirərək özünü ifadə edə bilər.
Elektrik hetçbekinin salonu klassik MINI avtomobillərinin ruhunda hazırlanıb: sürücü üçün nəzərdə tutulmuş bütün məlumatlar mərkəzi displeydə cəmləşdirilib. İnterfeys 240 millimetrlik sensorlu yuvarlaq ekran formasındadır, idarəetmə rejimləri mərkəzdəki kiçik dəstək vasitəsi ilə dəyişdirilir, çoxfunksiyaslı sükan çarxı isə yalnız iki qol ilə gəlir. Opsiyalar siyahısına proyeksiya ekranı, avtoparklama, panoram dam, həmçinin sükan çarxındakı parça kəmər, idman oturacaqları və kombinə edilmiş parça əlavələr daxildir.
Yeni MINI Cooper öndə quraşdırılmış elektrik mühərriki olan platformaya əsaslanır. Arxadakı müstəqil asqı saxlanılıb. MINI Cooper E baza versiyası 184 at qüvvəsi və 290 Nm hasil edən mühərrik və 40,7 kilovat-saatlıq batareya ilə təchiz olunur. Yürüş ehtiyatı - 305 kilometr (WLTP) təşkil edir. Yeni Cooper 100 km/saat həddinə sürətlənməyə 7,3 saniyə sərf edir.
Alternativ olaraq, 54,2 kilovat-saatlıq batareya ilə təchz edilən Cooper SE təklif olunur. Belə hetçbekin mühərriki 218 at qüvvəsi və 330 Nm hasil edir. Onun yürüş ehtiyatı 402 kilometr (WLTP) təşkil edəcək, 100 km/saata sürətlənmə isə 6,7 saniyə çəkəcəkdir. Bonus kimi daha güclü şarj cihazı əlavə olunur. Bununla belə, hər iki versiyanın batareyasının 10 faizdən 80 faizə qədər doldurulmasına yarım saat gərəkdir.
Yeni MINI Cooper elektrik avtomobillərinin satışlarına 2024-cü ildə başlanmalıdır. İngiltərədə modelin səkkiz faiz ucuzlaşacağı, başlanğıc qiymətinin isə 30 min funt sterlinqdən aşağı olacağı artıq məlumdur. Elektrik hetçbeklərinin istehsalı Çində həyata keçiriləcək və digər bazarlara ixrac olunacaqlar. Benzin mühərrikli Cooper hetçbeki təqaüdə göndərilməyəcək, lakin onu yenilənmə gözləyir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.