Keçən il Audi A6 ailəsinin təkamülü iki paralel istiqamətdə aparılıb, çünki çeşiddə PPE platformasına əsaslanan Audi A6 e-tron elektromobilləri (liftbək və universal) peyda olub. İndi isə, Almaniyada yanacaqlı A6 modelinin yeni nəsli təqdim edilib. Yenilik əvvəlki, 2018-ci ildə debüt etmiş modeli əvəzləyəcək.
Doğrudur, artıq kuzov növünü seçmək mümkün deyil – ən azından Avropada: Köhnə Dünyada yalnız universal kuzovlu Audi A6 Avant modeli təklif olunur. Çox güman ki, sedan daha sonra debüt edəcək və yalnız Çin bazarında satılacaq.

Audi A6 əvvəlki MLB Evo platformasının sonrakı təkamülü olan, lakin yenilənmiş elektronika ilə təchiz edilmiş PPC (Premium Platform Combustion) arxitekturasına əsaslanır. Bu isə, Audi A6 e-tron elektromobilləri ilə unifikasiyasının cüziliyindən və bunun yalnız fərdi komponentlərə və elementlərə aid olmasından xəbər verir.
Nəsil dəyişikliyinə baxmayaraq, modelin təkər bazası demək olar ki, dəyişməz qalıb: 2924 əvəzinə 2923 millimetr.

Əgər A6 e-tron elektrokarı iki mərtəbəli ön optikaya malikdirsə, yanacaqlı model LED faraların vahid blokdakı ənənəvi dizaynını qoruyub saxlayıb. Əlavə ödəniş müqabilində onlar matrisalı ola bilərlər ki, bu halda arxada OLED fənərləri quraşdırılırlar.
Üstəlik, bu halda yeddi salamlama variantından birini seçmək də mümkündür. Əvvəlki modellə müqayisədə yeni universal 60 millimetr uzundur (4999 millimetr), lakin 6 millimetr (1880 millimetr) ensizdir.

Audi A6 Avant diqqətlə işlənmiş aerodinamikaya malikdir: bəyan edilmiş Cd əmsalı daha az hava girişi və rəvan dibi olan elektrik versiyasındakı 0,24-ə qarşı 0,25-dir. Ön bamper yalnız elektronikanın əmri ilə açılan aktiv qapaqlarla təchiz edilir. Təkər disklərinin diametri 18 ilə 21 düym arasında dəyişir.
İnteryer tərtibatı digər müasir Audi avtomobilləri ilə eynidir. Ön panel vahid əyri korpusda birləşən iki ekrana malikdir: 11,9 düymlük ekran cihazlar panelinə, 14,5 düymlük isə, multimedia sisteminə cavabdehdir.

Əlavə ödəniş müqabilində ön sərnişin üçün üçüncü 10,9 düymlük ekranı quraşdırmaq olar. Multimedia sistemi Android əməliyyat sisteminə əsaslanır və havadan yeniləmə funksiyasına malikdir.
Seçimlər arasında sürüşərək açılan bölməsi və ya pərdəsi olmayan, lakin ayrı-ayrı sektorları qaraltmaq qabiliyyətinə malik olan panoram dam var. Opsiyalar siyahısında həmçinin Bang & Olufsen audio sistemi (16 və ya 20 dinamikli) və hava ionizatoru olan dördzonalı iqlimə nəzarət sistemi də mövcuddur.

Beşinci qapının elektrik ötürməsi və üç hissəyə bölünən kürək hissəsi olan arxa cərgə standart təchizata daxildir. Lakin baqaj, əvvəlki nəsillə müqayisədə nəzərəçarpacaq dərəcədə kiçilib: pərdə altında 503 litr. İkinci cərgənin qatlanması halında bu rəqəm 1534 litrə qədər artır. Əvvəlki modeldə bu göstəricilər müvafiq olaraq 565 və 1680 litr təşkil edirdi. Lakin bunun da bir izahı var.
Audi A6 Avant universalları MHEV Plus yumşaq hibrid sistemi ilə təchiz ediləcəklər ki, buraya təkcə kəmər ötürməli 48 voltluq startyor-generator deyil, həm də ötürmələr qutusuna biləşdirilmiş və dartma qüvvəsini birpilləli reduktor vasitəsilə çıxış valıına ötürən ayrıca dartma elektrik mühərriki daxildir.

Bu mühərrik cəmi 24 at qüvvəsinə malikdir, lakin onun fırlanma anı 230 Nm təşkil edir ki, bu da, məsələn, avtomobili park edərkən, təmiz elektrik dartması ilə hərəkət etməyə imkan verir.
Bütün digər rejimlərdə elektrik mühərriki sadəcə olaraq daxili yanma mühərrikinə kömək edir və 25 kilovata qədər rekuperasiyanı təmin edir. O, baqajda yerləşən və onun həcmini tutan 1,7 kilovat/saatlıq litium-dəmir-fosfat batareyasından qidalanır.

MHEV Plus sistemi 2.0 TDI turbodizel (204 at qüvvəsi, 400 Nm) və 3.0 TFSI V6 benzin turbomühərriki (367 at qüvvəsi, 550 Nm) olan avtomobillər üçün əlçatandır. Birinci halda ön və ya tam ötürmə arasında seçim etmək olar, ikinci halda isə, quattro transmissiyası standartdır.
Altısilindrli universal 100 km/saat həddini 4,7 saniyəyə yığa bilir, maksimal sürəti isə, 250 km/saat həddində məhdudlaşdırılır. Baza versiyası 2.0 TFSI benzin “turbodördlüyü” (204 at qvvəsi, 340 Nm), sadə 12 voltluq startyor-generator (start-stop sisteminə cavabdehdir) və yalnız ön ötürmə ilə gəlir. Hər üç versiya da yalnız 7-pilləli S tronic “robotu” robot ilə təchiz edilir.

PPC platforması daha dəqiq idarəetməni təmin edən və artmış bərkitmə sərtliyinə malik olan yeni sükan mexanizmi, habelə elektrik gücləndiricisi olan və “tellə” işləyən (pedal və mexanizmlər arasında mexaniki əlaqə olmadan) əyləclərə malikdir.
Seçimlər arasında pnevmatik asqı (klirens 30 millimetr aralığında dəyişir), tamötürməli versiyalar üçün tam idarələnən (arxa təkərlər 5 dərəcəyə qədər bucaq altında dönə bilərlər) şassi və altısilindrli avtomobillər üçün aktiv arxa differensial daxildir.
Audi A6 modeli əvvəlki kimi, Almaniyada, Nekkarzulmdakı Audi zavodunda istehsal olunacaq. Yeni nəsil universallar may ayında, 58 min avrodan başlayan qiymətlərlə Avropa bazarında satışa çıxarılacaqlar.
Daha sonra modifikasiya çeşidində plagin hibridlər, habelə güclü S6 və RS 6 modifikasiyaları peyda olacaqlar və görünən odur ki, “bərkgedən” universallar da hibridə çevriləcəklər.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.