Audi şirkəti A7 Sportback liftbekinin ikinci nəslini rəsmi olaraq təqdim edib. Yeni liftbek bayraqdar modeli olan Audi A8 modelinin istehsalında istifadə edilən modul platformasında inşa edilib.
Yeni nəsil Audi A7 Sportback modelinin qabarit uzunluğu 4969 millimetr, eni - 1908 millimetr, hündürlüyü isə 1422 millimetr təşkil edir. Beləliklə, yeni model sələfindən 5 millimetr qısa, 3 millimetr ensiz və 2 millimetr hündürdür. Yeni modelin təkər bazası da 12 millimetr uzanaraq 2926 millimetrə bərabər olub.
Yan tərəfdən avtomobilin dizaynı əvvəlkinə bənzəsə də, ön və arxa tərəflərin dizaynında ciddi dəyişikliklər mövcuddur. Məsələn, modelin altıbucaqlı radiator barmaqlığı əvvəlkinə nisbətən daha geniş və alçaqdır. Ön fənərlərin içində naxışlı işıqdiodlarından olan gündüz hərəkət işıqları quraşdırılıb, arxa fənərlər isə ümumi xəttlə birləşdiriliblər.
Eyni zamanda, güzgülər, qapı dəstəkləri və yan kuzov xətti də dəyişibdir - əvvəllər bu xətt kuzov boyu uzansa da, artıq təkər tağlarının üzərindən a hamar formaları ilə fərqlənir. Avtomobilin kuzovu əvvəlki kimi poladdandır. İri kuzov panelləri isə alüminiumdan hazırlanıbdır.
Yeni A7 modeli standart olaraq işıqdiodlarından hazırlanmış fənərlərlə təchiz edilir. Əlavə ödəniş ilə HD Martrix LED fənərlərini də sifariş etmək mümkündür. Məlum olduğu kimi, bu fənərlər qarşıdan gələn və öndə gedən sürücülərin gözlərini qamaşdırmamaq üçün fənərlərin müəyyən hissələrini söndürə bilər.
Lakin, bu hələ son deyil – A7 Sportback modelinin sahibi bərkgedən lazer-lüminofor uzaq işıqları olan martisa fənərlərini də sifariş edə bilər. Bu texnoligiya ilə təchiz edilmiş avtomobilləri fənər blokunda olan mavi “ləkələr” sayəsində tanımaq olar. Daha bir maraqlı xüsusiyyət avtomobilin kilidlərinin açılıb-bağlanması ilə bağlıdır. Bu zaman sizi ön və arxa fənərlərin iştirak etdiyi işıq şousu gözləyir.
İkinci nəsil Audi A7 modelinin salonun dizaynı bayraqdar A8 sedanına bənzəsə də, liftbekin tərtibatında idman cizgiləri daha çox özünü biruzə verir. Coystik və düymələrdən məhrum olan salon, sürücüyə ünvanlanan tərtibata malikdir. Bunlara misal olaraq mərkəzi konsoldakı iki sensorlu displeyi və ön panelin sürücüyə tərəf çevrilmiş sol qanadını göstərmək olar. A8 modelində havalandırma sisteminin deflektorları elektronika tərəfindən idarə edilsə də, A7 bu opsiyadan məhrum edilib.
Mərkəzi konsolun yuxarı hissəsində yerləşdirilən ekran 10,1-düymlük, aşağıda yerləşdirilən displey isə 8,6-düymlük diaqonala malikdir.
Bu ekranlar havalandırma və multimedia sistemlərinin idarə olunmasına, həmçinin avtomobilin tənzimləmələrinin həyata keçirilməsinə cavabdehdirlər. Sensorlu düymələrin basılmasına səsli müşayət ilə bərabər, toxunuşa vibrasiya ilə cavab verilməsi rejimini də qoşmaq olar. Aydındır ki, yeni A7 12,3-düymlük rəqəmsal cihazlar paneli ilə təchiz edilir.
Opsional olaraq proyeksiya displeyini də sifariş etmək mümkündür. Yeri gəlmişkən, arzu edənlər sol tərəfdə olan işıqların idarə edilməsi blokunu sensorlu panel ilə əvəz edə bilərlər. “Qəza işıqları” düyməsi də sensorlu olubdur. Böyümüş təkər bazası ön və arxa oturacaqlar arasındakı məkanı 21 millimetr artırmağa imkan verib. Arxa oturacaqlar iki yerli və yaxud 2+1 formulu ilə sifariş edilə bilər. Məlum məsələdir ki, üçüncü sərnişinə arxa oturacaqlarda rahat həyat olmayacaqdır. Oturacaqlar standart olaraq dəri əvəzləyicisi ilə örtülür, lakin Audi hər zaman bir neçə növ yüksək kefiyyətli dəri seçimi də təklif edir.
Yeni modelin baqaj həcmi dəyişilməz qalıb. Bununla belə, baqaj girişi daha enli və alçaq olub. Üstəlik, elektrik ötürməli beşinci qapını bamperin altına “təpik vurmaqla” da açmaq olar. Audi A7 Sportback 55 TFSI modifikasiyası təqdim edilib. Yeni avtomobil 340 at qüvvəli 3,0-litrlik altı slindrli turbomühərrik, yeddi pilləli S tronic “robotu” və quattro ulta tam çəkiş sistemi ilə təchiz edilir. Belə avtomobil 100 km/saat sürətini 5,3 saniyəyə toplayır. Onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.
Sonradan avtomobil mühərrik çeşidi genişləndiriləcəkdir: mühərrik qammasına dörd slindirli turbomühərriklər və dizel güc aqreqatları da daxil ediləcəkdirlər. Bütün mühərriklərin “yumşaq hibrid” - Mild Hybrid variantı da olacaqdır: 48 voltluq şəbəkədən çalışan sistem, tıxaclardan başqa, gillənmə ilə gedən zaman 55 – 160 km/saat sürətlərində avtomobilin mühərrikini söndürə bilər.
Audi nümayəndələri bunun sayəsində 100 kilometrə 0,7 litr yanacağı qənaət ediləcəyini bildiriblər.
Audi A7 Sportback modeli standart olaraq yaylı asqı ilə təklif ediləcəkdir. İdman asqısı isə, ənənəvi olaraq 10 millimter azaldılmış klirensə malik olacaqdır. Avtomobilin bahalı modifikasiyaları adi və yaxud elektronika ilə idarələnən amortizatorları olan pnevmatik asqı ilə təchiz ediləcəkdirlər. A8 modelinin aktiv elektromexaniki şassisi A7 əlçatmazdır.
Liftbek standart olaraq dalğavari reduktoru olan adaptiv sükan mexanizmi ilə də təchiz ediləcəkdir. Opsiyalar siyahısında arxa təkərləri 5 dərəcəyə qədər döndərən tam idarələnən şassi də vardır. 60 km/saat həddinə qədər sürətlərdə arxa təkərlər ön təkərlərin əksi istiqamətinə dönərək avtomobilin manevr qabiliyyətini yaxşılaşdırır.
Avtomobil daha sürətlə hərəkət edən zaman isə, onlar ön təkərlərlə eyni istiqamətə dönərək stabilliyin təmin edilməsinə xidmət göstərirlər. Modelin təchizatına sələfindən tanış olan və dartma vektorunu tənzimləyən sport differential da daxil edilib.
Audi A7 gələcəkdə bayraqdar A8 sedanında debüt etmiş üçüncü nəsil avtonom idarəetmə sistemi ilə də təchiz ediləcəkdir. Sistemin tam hazır olduğunu söyləyən Audi nümayəndələri Avropa ittifaqının ölkələrində qanunvericiliyə ediləcək müvafiq dəyişiklikləri gözlədiklərini bildiriblər.
Yeni Audi A7 Sportback modelinin istehsalı yaxın vaxtlarda istehsalçının Nekkralzumdakı zavodunda başlayacaqdır. Almaniyadakı satışlara 2018-ci ilin fevral ayında başlanacaqdır. Yeni modelin Azərbaycandakı satışlarına gələn ilin yazında start veriləcəkdir.