Artıq heç kimə, bu ilin sentyabrında Paris avtomobil sərgisində, Audi Q5 krossoverinin yeni nəslinin nümayış etdiriləcəyi sirr deyildir. Bunu, yeni avtomobilin kamuflyaj olunmuş prototiplərinin sınaqlarının intensivliyi də təsdiq edir. Bu arada, yeni nəsil haqqında bir sıra məlumatlar şirkətdəki insayderlər tərəfindən AutoBild dərgisinə sızdırılmışdır. Biz isə öz növbəsində bu məlumatlarla sizinlə bölüşmək istəyirik.
Dərc olunmuş cəsus fotoşəkillərindən göründüyü kimi, avtomobilin ban formasını qoruyub saxlayacağı artıq şübhə doğurmur. Buna baxmayaraq, yeni avtomobilin qabarit ölçüləri əvvəlkinə nisbətən bir qədər böyüyəcəkdir. Alman dərgisinin yazdığına görə, bütün bu dəyişikliklərə baxmayaraq, yeni avtomobil öz sələfidən 100 kiloqramm daha yünğül olacaqdır.
Həmçinin, MQB modul platformasında istehsal olunacaq yeni Q5’in Porsche'nin Macan modeli ilə asqı elementlərini ilə bölüşəcəyi də məlum olanlar sırasındadır.
Hələlik təsdiqini tapmayan məlumatlardan biri də yeni Q5’in bərkgedən 400 at qüvvəli RS versiyasının təklif ediləcəyi barədə olan məlumatdır.
Şayiələrə görə, bərkgedən RS Q5 modeli 2,5-litrlik beş silindirli turbomühərriklə, quattro tam çəkiş və tam idarəetməli şassi sistemi ilə təchiz ediləcəkdir.
Qeyd etmək lazımdır ki, sonuncu sistem artıq Audi Q7’nin son nəslində quraşdırılır.
Quattro sistemi krossover üçün standart olacaq və A4 modelindəki kimi öndən çəkişli başlanğıc variantın olması mümkünlüyü belə düşünülmür. Yeni avtomobil həmçinin A4 modelindən məlum olan 2,0-litrlik 190 və 252 at qüvvəli benzin turbomühərriki və 190 at qüvvəli 2,0-lirtlik dizel mühərriki ilə təchiz olunacaqdır. Çox güman ki, 3,0-litrlik 218 və 272 at qüvvəli dizel mühərrikləri də bu siyahıya daxil ediləcəkdir.