Bu günlərdə Nürbuqrinqin “Yaşıl cəhənnəm” adlanan hissəsində yeni nəsil Audi RS7 Sportback modelinin bir neçə prototipi sınaqlar zamanı qeydə alınıb. YouTube kanalındakı “Automotive Mike” hesabında sınaqlar zamanı çəkilmiş videoçarx yayımlanıb. Bu çarxda “bərkgedən” liftbekin V8 turbomühərrikinin möhtəşəm səsini dinləmək olar.
Bir müddət bundan əvvəl təqdim edilmiş S6, S6 Avant və S7 Sportback modellərinin 3,0-litrlik V6 turbomühərriki ilə təchiz edilməsindən məyus olan Audi fanatları üçün yaxşı xəbərimiz var – RS6 Avant və RS7 Sportback modelləri V8 mühərrikini qoruyub saxlayacaqdırlar.
Bunu inamla söyləməyə “Nordşlyayfe”də çəkilmiş videoçarx imkan verir. Bu çarxda bir neçə sınaq prototipi trekdə dövrə vururlar. Avtomobillərin səsindən onların 650 at qüvvəli turbomühərrikə sahib olacağını ehtimal etmək olar. Əgər ehtimalımız doğrudursa, Audi RS7 Sportback modeli əsas rəqibləri olan Mercedes-AMG GT 63 S Four-Door Coupe və BMW M8 Gran Coupe modellərindən güclü olacaqdır.
“Bərkgedən” liftbekin bu ilin üçüncü rübündə debüt edəcəyi söylənilir.