Bu gün İnternet şəbəkəsində yeddinci nəsil BMW 3-Series sedanının şəkilləri peyda olub. G20 indeksi ilə tanınan model 330i M Sport və M340i modifikasiyalarında təqdim edilibdir.
Cari modellə eyni proporsiyalara malik olan yeni sedan daha aqressiv görünüşə sahibdir. Sedan daha iti bucaqları olan kuzova, yeni formalı işıq texnikasına, bamperlərə və hava girişlərinə sahib olub.
Yeni modelin rəng palitrasına dörd yeni boya daxil edilib: Dravit Grey, Tansanit Blue II, Citrin Black II və Vermont Bronze. Modifikasiyasından asılı olaraq sedan səsboğucu sistemin müxtəlif formalı çıxış boruları ilə təchiz ediləcəkdir. Belə ki, 330i modeli yumru, 340i isə trapesiya şəkilli borulara sahib olacaqdır. Maraqlıdır ki, idman ötürmələr qutusu olan avtomobillərin salonunda ənənəvi coystik-selektor yoxdur.
Bir müddət bundan əvvəl BMW 3-Series sedanının dəyişdirilmiş Hofmayster cizgisinə sahib olacağını bildirmişdik. Bu cizgi BMW avtomobillərinin tanınan elementlərindən olub 1961-ci ildən bu günə qədər istifadə edilirdi.