Yeni nəsil BMW 4-Series kupesinin təqdimatı 2 iyunda keçirilməlidir. Lakin, bu gün internet şəbəkəsində onun eksteryeri üzərindən sirr pərdəsini götürşən şəkillər peyda olub. BMW M440i xDrive top versiyasının əks olunan şəkillər firma bukletindəndir və Instagram sosial şəbəkəsində dərc edilib.
Gözlənildiyi kimi, yeni BMW 4-Series nəhəng "burunları" olan radiator barmaqlığına sahib olub. Yeni modelin birinci nəsil 4 Series modelinin davamçısı olduğunu işıq texnikasının dizaynı nümayiş etdirir: hər iki kupenin ön fənərləri bənzər naxışa malikdir, arxa işıq texnikası isə iki komponentlidir.
Rəsmi təqdimatdan öncə şəbəkəyə sızan şəkillərdə ən güclü M440i xDrive versiyası əks olunmuşdur - top modifikasiyaya lazer fənərləri, duman işıqları olmayan ön bamper, yan güzgülərin qara rəngli gövdəsi, nazik profilli şinlər, həmçinin radiator barmaqlığının tərtibatı işarə edir.
Casus şəkillərinə əsaslansaq, yeni kupenin interyer tərtibatı demək olar ki, aktual BMW 3 Series ailəsinin interyer dizaynını təkrarlayacağını söyləmək olar.
BMW şirkəti M440i xDrive modifikasiyasının "mülayim" hibrid olacağını rəsmi olaraq təsdiqləyib: 3,0-litrlik sıralı altısilindrli turbomühərrikə 48 voltluq startyor-generator kömək edəcəkdir. Güc qurğusunun hasilatı 385 at qüvvəsi təşkil edəcəkdir. Kupenin təchiz edildiyi xDrive tam ötürməsi və 8-pilləli "avtomat" 3 Series modelində quraşdırılan aqreqatlar ilə eyni olacaqdır.
Kupe konstruktiv olaraq sedandan aşağı salınmış ağırlıq mərkəzi, ön təkərlərin quraşdırılma bucağı, amplitudan asılı olan xüsusi amortizatorları və genişləndirilmiş arxa təkər izi ilə fərqlənəcəkdir. Bundan başqa, kupe aerodinamik cəhətdən daha yaxşı göstəricilərə malik olan kuzova sahib olacaqdır.
Yuxarıda qeyd etdiyimiz kimi, yeni nəsil BMW 4-Series kupesinin təqdimatı 2 iyun tarixində keçiriləcəkdir. Təqdimat onlayn keçiriləcək və markanın sosial şəbəkələrdə və YouTube kanalındakı hesablarında yayımlanacaqdır.
Mənbə: Instagram