Bir müddət bundan öncə, BMWBlog saytının dərc etdiyi yeni nəsil BMW 5-Series modelinin renderini yaymışdıq. Böyük həvəskar kütləsinə malik olan və təqidimatının səbirsizliklə gözlənildiyi 5-Series ailəsinin ilk nümayəndəsinin kütləvi nümayişi oktyabr ayında keçiriləcək beynəlxalq Paris avtomobil sərgisində baş tutacağını da bildirmişdik. G30 zavoddaxili indeksini almış avtomobilin kamuflyajla örtülmüş prototipi artıq dəfələrlə sınaq testlərində fotocəsusların obyektivlərinə tuş gəlmişdir. Əldə etdiyimiz məlumata inansaq, yeni nəsil BMW 5-Series sedanın rəsmi təqdimatı bu ilin iyul-avqust aylarında gerçəkləşməlidir.
Motor1 saytı tərəfindən dərc edilmiş cəsus fotoşəkillərə baxdıqda BMWBlog saytının renderinin həqiqətdən o qədər də uzaq olmadığını söyləmək olar.
Çox güman ki, yeni 5-Series sedanın eksteryeri və interyeri Bavariyalıların bayraqdar modeli olan 7-Series modelinin dizayn üslubunda hazırlanacaqdır.
Diqqət yetirsək, Bavariyalıların başlıca rəqibləri olan Mercedes-Benz şirkəti dizayn məsələlərində bu baxışdan çıxış edir. Digər tərəfdən, 5-Series bayraqdar modelə nisbətən daha idman xarakterli zahiri görkəmə malik olmalıdır.
BMW 5-Series GT
BMW 7-Series modelindən fərqli olaraq, beşinci seriyadan olan avtomobillər müxtəlif növ kuzovlarla təklif ediləcəkdirlər. Bunların arasında sedandan başqa universal kuzovlu avtomobilin və GT-variantının olacağını, müxtəlif vaxtlarda çəkilmiş olan cəsus fotoşəkilləri də sübut edir.
Ehtimallara əsasən, sedan kuzovlu avtomobilin təqdimatından az müddət sonra universal kuzovlu 5-Series də nümayiş etdiriləcəkdir.
Daha sonra isə, növbə hetçbek kuzovlu 5-Series GT modifikasiyasına gələcəkdir.