M bölməsi yeni janrların axtarışını təcəssüm etdirən iri BMW XM hibrid krossoverindən dərhal sonra özünün ən yığcam və kanonik modelini təqdim edib. Yeni BMW M2 kupesinin yaradıcıları ənənələrə sadiq qalıblar. M2 əvvəlki kimi elektrik üstqurumu olmayan benzin mühərriki ilə hərəkətə gələn arxa ötürməli kupedir. Belə format hələ də alıcılar arasında populyardır: son nəsil BMW M2 kupesi altı illik istehsal müddətində 60.000 nüsxəlik tirajla satılıb.
Bununla birlikdə, böyük M3/M4 ailəsi ilə unifikasiya daha da genişlənib. n BMW M2 modeli əvvəlcədən daha böyük avtomobillərdən götürülmüş şassiyə malik idi, sonradan M2 Competition versiyası da “böyüklərdən” alınmış mühərrikə sahib olub. Bu hal yeni nəsildə də qorunub saxlanılıb: transmissiyalar, əyləc sistemi və bir sıra digər komponentlər böyük modellərlə unifikasiya edilib. Beləliklə, BMW M2 modelində orijinal olan yalnız "qablaşdırmadır".
BMW 2 Series baza kupesi ilə müqayisədə “bərkgedən” versiya 43 millimetr uzun (4580 millimetr) və 49 millimetr enli (1887 millimetr) olub. Genişləndirilmiş təkər tağları məhz şassinin unifikasiyasının nəticəsidir, çünki M2 modelinin təkər izinin ölçüsü M3/M4 modellərindəki ilə eynidir (öndə 1617 millimetr, arxada isə 1605 millimetr). Standart təkər diskləri öndə 19, arxada isə 20 düymlükdürlər. Bu, M3/M4 modellərində olduğundan bir düym çoxdur. Kupenin klirensi 123 millimetrdir.
Dizaynerlər şaquli istiqamətdə uzadlımış "burun dəliklərini" tətbiq etmədən ötüşüblər, lakin radiatorun üfürülməsini yaxşılaşdırmaq üçün onların ölçüsünü artırılmalı olublar. Ən əsası isə, fənərlərin künclərindəki qara tıxaclar sayəsində BMW M2 vizual olaraq mülki kupelərdən ciddi şəkildə fərqlənir. İşıq texnikası eynidir, amma effekt tamamilə fərqlidir! Əlavə ödəniş müqabilində polad damdan 6 kiloqram yüngül olan karbondan dam paneli təklif edilir.
Kapotun altında 3,0-litrlik sıralı altısilindrli S58 biturbomühərriki var. BMW M3/M4 baza versiyalarında quraşdırılan aqreqatla müqayisədə, M2 modelindəki mühərrik bir qədər zəifidr. Onun gücü 480-dən 460 at qüvvəsinə qədər azaldılsa da, maksimal fırlanma anı dəyişməz qalıb - 550 Nm. Yəni, göstəricilər baxımından, hətta xırda seriya ilə buraxılan BMW M2 CS top versiyası (450 at qüvvəsi, 550 Nm) da geridə qalıb. Ancaq bu, artmış ölçülər və çəki üçün kompensasiyadır. Əgər əvvəlki nəsil BMW M2 Competition kupesi 1550 kiloqram çəkiyə malik idisə, yeni avtomobilin minimal çəkisi 1700 kiloqramdır!
Yeddi pilləli preselektiv "robotu" əvəz etmiş səkkiz pilləli avtomatik transmissiya artıq standart avadanlıqdır. Altı pilləli mexaniki transmissiya isə opsiyadır. Bundan əlavə, üçpedallı kupelərdə aşağı ötürməyə keçərkən mühərrikin dövrələrinin avtomatik tənizmlənməsi funksiyası var - onu menyu vasitəsi ilə söndürmək də olar.
BMW M2 standart olaraq elektron idarə olunan differensial kilidi və adaptiv amortizatorlarla təchiz edilir. M Traction Control sistemi müəyyən edilmiş sürüşmə dərəcəsi ilə fərqlənən on iş rejimə malikdir. Əyləc sistemi tərkibli disklərə, ön oxda altı porşenli, arxada isə bir porşenli supportlara sahib olub. Buraxılış sistemi elektron idarə olunan çəpərciyi və dörd çıxış borusunu əldə edib.
"Bərkgedən" kupe bir neçə ay bundan öncə “mulki” 2 Series modelində debüt etmiş ikiekranlı ön paneli olan yeni interyerə sahib olub. Cihazlar panelinin displeyinin diaqonalı 12,3, media sisteminin sensorlu ekranının isə 14,9 düymdür. Road, Sport və Track qrafik rejimləri arasında seçim etmək təklif olunur. Üç varinatda ön oturacaqlar təklif edilir, sükan çarxında isə M1 və M2 düymələri var. Bu düymələrə fərdi şəkildə tənizmlənmiş hərəkət rejimlərini təhkim etmək olar.
Dinamika baxımından yeni BMW M2 kupesi əvvəlki nəsil M2 CS modelindən geri qalır. “Avtomat” ilə təchiz kupe 100 km/saat həddinə 4,1 saniyəyə, mexaniki transmissiyası olan isə 4,3 saniyəyə sürətlənir ki, bu da CS kupesi ilə müqayisədə 0,1 saniyə çoxdur. 200 km/saat sürətlənmə müvafiq olaraq 13,5 və 14,3 saniyə çəkir. Maksimal sürət 250 km/saat həddində məhdudlaşdırılır, M Driver's Package dəsti isə bu həddi 280 km/saata qədər çəkməyə imkan verir. Əlavə ödəniş qarşılığında M Race Track Package dəsti təklif olunur. Bu paketə maksimal sürət həddinin artırılması, trek şinləri, karbon lifindən dam və yüngülləşdirilmiş idman oturacaqları daxildir.
Yeni nəsil M2 kupesi BMW şirkətinin Meksikadakı zavodunda istehsal olunacaqdır. Qeyd etmək gərəkdir ki, yeni 2 Series modellərinin yığılması da bu müəssisədə həyata keçirilir. San Luis Potosidəki müəssisə BMW şirkətinin M avtomobillərini istehsal edən dördüncü zavodu olacaqdır. Hazırda M modellərini yalnız Almaniyada (Münhen və Dinqolfinq) və ABŞ-da (Spartanburq) istehsal edirlər. Yeni M2 kupesinin qlobal bazardakı satışlarına 2023-cü ilin aprel ayında başlanmalıdır. “Bərkgedən” kupenin Almaniyadakı satış qiyməti artıq məlumdur: ən azı 72 800 avro. Mexaniki ötürmələr qutusu üçün isə əlavə 500 avro ödəmək gərəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.