BMW M bölməsinin patronu Markus Flaş şəxsi Instaqram hesabında markanın pərəstişkarlarının suallarını cavablandırmaqda davam edir. Dünən, top menecer bu yolla yenilənmiş BMW M5 sedanı barədə məlumat verib. Bü gün isə, M3 və M4 modellərinin təqdimatının sentyabr ayında baş tutacağını elan edib.
Cənab Flash Nürburqrinqdə keçirilən sınaqların son mərhələyə daxil olduğunu da bildirib. O, hər iki "bərkgedən" modelin 6-pilləli mexaniki və 8-pilləli avtomatik ötürmələr qutusu, arxa və tam ötürmə ilə təchiz ediləcəklərini təsdiqləyib. Bununla belə, daha əvvəl əldə edilən məlumatlara əsasən, mexaniki transmissiyanı yalnız arxa ötürməli avtomobillər alacaqdırlar.
Yeni nəsil BMW M3 və M4 modelləri 510 at qüvvəsi hasil edən mühərrikə sahib olacaqdırlar. Çox güman ki, söhbət Competition modifikasiyalarından gedir, çünki sedan və kupe 3,0-litrlik sıralı altısilindrli mühərriki X3 M və X4 M krossoverlərindən alacaqdırlar. Xatırladaq ki, krossoverlər iki versiyada - 480 və 510 at qüvvəsli modifikasiyalarda təklif edilirlər.
Mərdud tirajla buraxılan BMW M3 CS və M4 CS modelləri də yeni ailəyə daxil olacaqdırlar. Buna sedanın casuslara rast gələn prototipi işarə edir. Eyni zamanda, bu modellərin, gücü bir qədər artırılmış mühərrik ilə təchiz ediləcəyini də gözləmək gərəkdir - sonuncu dəfə sıralı altısilindrli mühərrikin gücü 450-dən 460 at qüvvəsinə qədər artırılmışdı.
Bundan başqa, asqının, stabilləşdirmə sisteminin, sükan mexanizminin və aktiv arxa differensialın ciddi təkmilləşdirmələrə məruz qalacaqlarını söyləmək olar. Nəhayət, CS modellərinin seçilən cəhəti olan karbondan hazırlanmış kuzov elementlərinin sayının artacağı da gözlənilir.
Yeni BMW M3 və M4 modelinin istehsalının bu ilin noyabr ayında başlanacağı ehtimal edilir. "Bərkgedən" modellərin müştərilərə çatdırılmalarına 2021-ci ildə başlanmalıdır. Daha sonra, ailəyə BMW M4 Convertible kabrioleti və M4 Gran Coupe dördqapılı kupesi daxil olacaqdırlar. Eyni zamanda, BMW şirkətinin CSL embleminə malik olan avtomobili də buraxacağı barədə şayiələr dolaşır.