BMW şirkəti yeni nəsil M5 modeli haqqında yeni məlumatları dərc etmişdir. Alman istehsalçısı, yeni M5 sedanının xüsusi olaraq tənzimlənmiş səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəyini bildirmişdirlər. Xatırladaq ki, cari nəsil M5 modeli yeddi pilləli iki muftalı robotlaşdırılmışötürmələr qutusu ilə təklif edilir.
Bundan əlavə, tarixində ilk dəfə olaraq M5 modeli M xDrive tam çəkiş sistemi ilə təchiz ediləcəkdir. Yeni sistem, dartma qüvvəsini elektronika ilə idarə edilən mufti vasitəsi ilə ön təkərlərə ötürən standart xDrive sisteminin əsasında hazırlanmışdır. Bununla belə sistem elə sazlanmışdır ki, “qaynar” sedanın sahibi ön oxa ötürülən dartma qüvvəsini tamamilə söndürə bilsin. Dinamik stabilizasiya sisteminin aktiv olduğu halda yeni nəsil BMW M5 sedanı tam çəkişli olacaqdır.
MDM rejiminin aktivləşdirilməsi halında, elektronikanın idarəetmə prosesinə müdaxiləsi azaldılır, avtomobil tam çəkişli olsa da, əsas aksent arxa çəkişə yönəldilir. Ön oxa ötürməni tamamilə kəsmək üçün stabilləşdirmə sistemini söndürmək kifayətdir.
Alman istehsalçısı həmçinin sedanın 100-faizlik qapatma imkanı olan aktiv arxa M-differensialı ilə təchiz ediləcəyini bildirmişdir. M5 modelinin 4,4-litrlik V8 turbomühərriki ilə hərəkətə gələcəyi bildirilsə də, mühərrikin gücü dəqiqləşdirilməmişdir. Şirkətdən yeni M5 modelinin 100 km/saat sürətinə sələfindən daha yeyin sürətlənəcəyi də bildirilmişdir. Xatırladaq ki, hazırki M5 sedanı bu işə 4,3 saniyə sərf edir. Yeni “qaynar” sedanın nə zaman təqdim ediləcəyi də açıqlanmamışdır.