Dünən Autoevolution nəşrinin sərəncamına yeni nəsil BMW X4 krossoverinin Spartanburq yaxınlığında çəkilmiş şəkilləri daxil olub. Məlumdur ki, alman istehsalçısının bu şəhərdəki zavodunda X3, X4, X5 və X6 modelləri istehsal edilirlər.
Autoevolution nəşri tərəfindən əldə edilmiş təsvirlərdən də göründüyü kimi, yeni nəsil BMW X3 krossoverinin bazasında yaradılmış kupeşəkilli krossover seriya istehsalına tam hazırdır. Çox güman ki, biz yaxın zamanlarda modelin rəsmi təqdimatının şahidi olacağıq.
Yeni X4 ön tərəfdən X3 modelindən fərqlənməsə də, arxa hissənin dizaynı bir qədər təəccübləndirib. Belə nazik formalı fənərlərə indiyə qədər müasir BMW avtomobillərində rast gəlinməyib. Bundan başqa, avtomobilin dam xətti daha maili olub və bu onun siluetinə cəldlik bəxş edib.
Cəsusların obyektivlərinə tuş gələn avtomobillər M-dəsti və müxtəlif emblemlərlə işarələnib. Böyük ehtimalla, BMW X4 M40i variantı 360 at qüvvəli altı silindrli benzin turbomühərriki ilə təchiz ediləcəkdir. Lakin, M40d modifikasiyası haqqında məlumat yoxdur. Çox güman ki, bu avtomobilin kapotunun altında 320 at qüvvəsi hasil edən 3.0-litrlik dizel aqreqatı yerləşəcək.