Bu gün Hollandiyanın Autoblog.nl nəşri 2020-ci ilin BMW X6 krossoverinin şəkillərini dərc edib. Nəsil dəyişikliyinin nəticəsi olaraq krossover yeni dizayna və X5 modelinin mühərrik çeşidinə malik olub.

Yeni X6 sələfindən iri hava girişləri olan ön bamperi, daha nazik formalı fənərləri və ölçüləri böyümüş radiator barmaqlığı ilə seçilir. Krossoverin arxa işıq texnikası 8-Series modeli ilə bənzərlik daşıyır. Bundan başqa, X6 kiçik arxa spoylerə də sahib olub. Dam xəttinin maillik dərəcəsi də artıb. Avtomobilin salonun fotoşəkli dərc edilməsə də, salon arxitekturasının X5 modelindən ciddi fərqlənməyəcəyini ehtimal etmək olar. İlkin məlumata görə, yeni nəsil X6 modeli rəqəmsal cihazlar panelinə, 12,3-düymlük displeyi olan multimedia sisteminə sahib olacaqdır.

Mühərrik çeşidinə gəldikdə isə, X6 modeli X5 krossoveri ilə eyni mühərrikləri bölüşəcəkdir. Kross-kupe 335 at qüvvəsi və 447 Nm fırlanma anı istehsal edən 3,0-litrlik altısilindrli turbomühərrik, həmçinin 462 at qüvvəsi və 649 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 mühərriki ilə təchiz ediləcəkdir. Hər iki aqreqat səkkiz pilləli avtomatik qutu və xDrive tam ötürməsi ilə tandemdə çalışacaqdır.

Yeni nəsil BMW X6 modelinin kütləvi debütü bu ilin payızında keçirilən Frankfurt avtosalonunda baş tutmalıdır. Modelin satışlarına ilin sonunda başlanmalıdır.