Genesis G80 sedanının yeni nəslini Cenevrə avtosalonunda nümayiş etdirmək nəzərdə tutulmuşdu. Lakin, məlum səbəblərdən bu təqdimat baş tutmadı.
Mart ayının əvvəlində Genesis şirkəti yeni sedanın ilk şəkillərini dərc edib. Gözlənildiyi kimi, G80 modeli bir müddət bundan əvvəl debüt etmiş Genesis GV80 krossoverinin dizayn üslubunda tərtib edilmiş eksteryer və interyerə malik olub.Yeganə naməlum olan yeni nəsil G80 modelinin debüt tarixi idi. Bu gün bu məsələyə də aydınlıq gətirilib.
Sualın cavabı Hyundai Motor Group konserninin Facebook sosial şəbəkəsindəki səhifəsində dərc edilmiş videoçarxda açıqlanıb. Videoçarxda sedanın yalnız ön işıq texnikası əks olunub ki, bu da artıq sirr deyil. Ancaq, əsas məsələ videoçarxın sonunda əks etdirilən modelin rəqəmsal debütünün tarixidir - 30 mart 2020-ci il.