Beşinci nəsil Honda CR-V krossoverinin təqdimatından altı il belə keçməyib və artıq yeni model onu əvəz etməyə hazırdır. İstənilən halda sürpriz alınmayıb - patent təsvirlərinin və seriya modelinin şəkillərinin şəbəkəyə sızdırılması səbəbindən yaponlar intriqanı qoruyub saxlaya bilməyiblər, buna görə də, yeni Honda CR-V modelinin rəsmi debütü daha çox formal xarakter daşıyırdı.
Krossoverin dizaynında da inqilab baş verməyib - yaradıcılar öz bestsellerlərinin Amerika bazarında əldə etdiyi imici riskə atmamağa qərar veriblər. Bu gün debüt edən krossover ABŞ bazarında satılacaq modeldir və bir qədər sonra Honda digər bazarlar üçün hazırladığı versiyaları da təqdim edəcəkdir.
Yeni krossoverin salonu əsasən sonuncu Honda Civic hetçbeki və sedanı ilə unifikasiya edilib. CR-V krossoverinin ön paneli demək olar ki, kiçik modeldən heç nə ilə fərqlənmir: burada yeddi və ya doqquz düymlük sensorlu ekranı və aparat düymələri olan eyni mediasistemini, yeddi düymlük displeyi və analoq spidometr olan eyni cihazlar panelini, klimat-kontrolun eyni idarəetmə blokunu görmək olar.
Hətta ön panel boyu uzanan və altında havalandırma deflektorları gizlədilmiş tor da Civic modelində olduğu kimidir! Honda CR-V modelinin yalnız mərkəzi konsolunun arxitekturası fərqlidir: o, vizual olaraq iki hissəyə bölünür. Buradakı stəkanaltılar ön panelə paralel yerləşdiriliblər.
Yaradıcılar, dirsək dayağının qapağının altında gizlədilmiş doqquz litrlik bölmə ilə çox qürur duyurlar - yeri gəlmişkən, bu, sinifdəki krossoverlər arasında ən böyük qutudur!
Bununla belə, daxili tərtibat baxımından yeni CR-V modeli heç nə ilə təəccübləndirməyib: daha sadə versiyalarda boz və qara rəngli parçadan, daha bahalı versiyalarda isə, eyni rənglərdə dəri üzlüklərdən və narıncı tikişlərdən istifadə olunur.
Krossoverin platforması əvvəlkidir, lakin modernləşdirilmişdir. Nəsil dəyişikliyi ilə CR-V modelinin ölçüləri artıb: avtomobilin uzunluğu 4694 millimetr (+ 69 millimetr), kuzovun eni - 1864 millimetr (+9 millimetr), hündürlüyü - 1692 millimetr (+ 3 millimetr), oxlar arasındakı məsafə isə 2700 millimetr (+ 40 millimetr) təşkil edir.
Şirkətdən ön dasyaqların geriyə sürüşdürüldüyünə, yəni kapotun daha uzun və ümumi siluetin daha axıntılı olmasına, üstəlik, yan güzgü gözdələrinin qapılara quraşdırılmasına diqqət yetirirlər.
Bundan əlavə, mühəndislər kuzovun burulmaya qarşı sərtliyinin 15% artdığını və şassinin incə tənzimləmələrinin daha kəskin idarəetmə ilə birlikdə gedişin yumşaqlığını artırmağa imkan verdiyini iddia edirlər. Bundan başqa, yaponlar səs izolyasiyasını da gücləndirdiklərini də bildiriblər.
Bununla belə, kapotun altında, təəssüflər olsun ki, heç bir sensasiya yoxdur. ABŞ-da iki ilkin təchizat səviyyəsi üçün baza mühərriki, variator ilə çalışan 193 at qüvvəli 1,5-litrlik turbomühərrikdir və alternativ olaraq, Atkinson dövrü ilə işləyən 2,0-litrlik benzin mühərrikinə əsaslanan hibrid güc qurğusu təklif olunur.
Belə güc qurqusu yalnız bahalı Sport və Sport Touring versiyalarında quraşdırılır. Bununla belə, təkmilləşdirilmiş hibrid sistemin pik hasilatı 215 at qüvvəsi və 335 Nm təşkil edir. Əvvəllər hibrid sistem 207 at qüvvəsi və 315 Nm təklif edirdi. Tam ötürmə sistemi bütün modifikasiyalar üçün əlçatandır, Sport Touring top versiyasında isə, bu sistem standart avadanlıqlar siyahısına daxil edilib.
Yeri gəlmişkən, konfiqurasiyadan asılı olmayaraq, yeni CR-V modeli on təhlükəsizlik yastığı, LED optika, genişbucaqlı kameraya və radara malik olan Honda Sensing elektron yardımçılar kompleksi, avtomatik əyləcləmə sistemi, yol nişanlarının tanınması, kor nöqtələrə nəzarət və zolaqda saxlama funksiyaları, habelə enişdə yardım funksiyası və adaptiv kruiz-kontrol ilə təchiz edilir.
Yeni Honda CR-V modelinin əksər təchizat səviyyələrində 18-düymlük təkər diskləri, top versiyalarda isə, 19 düymlük disklər quraşdırılır. Bundan əlavə, Sport və Sport Touring hibridləri daha aqressiv kuzov dəsti, tünd dekor və düzbucaqlı çıxış boruları ilə fərqlənəcəklər.
Altıncı nəsil Honda CR-V krossoveri Şimali Amerikadakı üç zavodda istehsal olunacaqdır: ABŞ-ın Ohayo və İndiana ştatlarında, habelə Kanadada. İlk avtomobillərin tədarüklərinə yayın sonunda başlanmalıdır, hibrid versiyalar isə, bir qədər sonra satışa çıxacaqlar. Yeni Honda CR-V modelinin qiymətləri satışların başlanmasına yaxın elan ediləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.