Honda Passport modeli yapon markasının Amerika bazarı üçün nəzərdə tutulmuş krossoveridir və o, bizə yaxşı tanış olan Pilot krossoverinin beşyerli versiyasıdır. Model son dəfə 2023-cü ildə yenilənib, indi isə, nəsil dəyişikliyinin vaxtı gəlib çatıb. Bundan əlavə, ABŞ-da Passport modelinin satışları arzu olunan səviyyədə deyil: 2024-cü ilin birinci yarısında satışlar demək olar ki, üçdə bir dəfə azalaraq 16,3 min nüsxəyə düşüb. Honda yeni krossoverin əvvəlki populyarlığını bərpa edə biləcəyinə inanır.

Bu məqsədlə yaponlar krossoverin dizaynını daha da brutallaşdırıblar. Videotizerdə dörd altıbucaqlı kəsiyi olan yeni radiator barmaqlığını, ortadakı böyük emblemi və narıncı TrailSport nişanını görmək olar ki, bu da modelin “ofroud” versiyasına işarə edir. Bundan əlavə, növbəti Passport modeli C-şəkilli optikaya və kapotdakı iri hava girişinə sahib olacaq - bu, TrailSport versiyasının fərqləndirici xüsusiyyətidir. Qeyri-rəsmi məlumatlara görə, Passport yenidən işlənmiş asqıya və kuzovun əlavə müdafiəsini alacaq. Salon hələlik göstərilməyib.

Hazırkı Honda Passport ABŞ-da 3,5-litrlik atmosfer “altılığı” və doqquz pilləli avtomatik transmissiya ilə təklif olunur. İnsayderlər  sonuncunun 10-pilləli avtomatik transmissiya ilə əvəzlənəcəyini, mühərrikin isə, modernləşdiriləcəyini bildiriblər. Ola bilsin ki, onun hasilatı hazırkı 284 at qüvvəsi və 355 Nm fırlanma anından çox olacaq. Önümüzdəki aylarda yeni Pasport haqqında daha ətraflı məlumatın dərc ediləcəyini gözləmək olar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.