Bu günlərdə Dodo Tube kanalında yeni nəsil Kia Sportage haqqında yeni məlumatlar peyda olublar.Məlumat yeni krossoverin Cənubi Koreyada keçirilən qapalı təqdimatı zamanı açıqlanıb.
Beləliklə, yeni Kia Sportage krossoverinin 20 iyul tarixindən etibarən daxili bazarda satışa çıxarılacağı, habelə 180 at qüvvəli 1.6-litrlik turbomühərrik və 230 at at qüvvəli hibrid güc qurğusu ilə təklif ediləcəyi açıqlanıb.
Beşinci nəsildən olan Sportage krossoverinin baş dizayneri Infiniti şirkətindən transfer edilmiş Kərim Həbibdir. Yeni dizayn üslubu isə, Opposite united ("əkslərin birləşməsi") adlanır və ilk dəfə Kia EV6 elektromobilində tətbiq edilib. Bununla birlikdə, yeni krossoverin üzərində Kia şirkətinin Koreya, Almaniya, ABŞ və Çindəki dizayn mərkəzləri çalışıblar.
Hələlik, yeni krossoverin yalnız "dizayn" təqdimatı keçirilib, buna görə də, avtomobilin texniki xüsusiyyətləri açıqlanmayıb. Bu və ya digər şəkildə, "beşinci" Sportage sələfindən nəzərəçarpacaq dərəcədə böyükdür və onun kuzovu tamamilə fərqli nisbətlərə malikdir. Arxa tavan sütunlarında əlavə baqaj pəncərələri, ön qapılarda hərəkətsiz şüşə üçbucaqlılar, yan güzgülərin isə fərqli dayaqları peyda olub.
Əlavə ödənişlə, ilk dəfə olaraq qara rəngli damı sifariş etmək mümkün olacaqdır. Bundan başqa, fərqli bamperləri, yan tərəflərdəki iri əlavələri və damdakı güclü reyliqləri olan Sportage X-Line “offroad” versiyası da hazırlanıb.
İnteryerin konsepsiyası müasir üslubdadır – ön paneldəki əyri vahid şüşə altında cihazlar panelinin və media sistemlərinin 12,3-düymlük ekranları yerləşir. Daha yaxşı görüntünü təmin etmək üçün ön panel əvvəlkindən 30 millimetr aşağıda quraşdırılıb. Şirkət nümayəndələri interyerin tərtibatına istifadə edilən materialların keyfiyyətinin yaxşılaşdırıldığını bildirirlər.
İkili zonalı iqlimə nəzarət sistemi fırlanan tutacaqları qoruyub saxlayıb, lakin artıq düymələr sensorludurlar. Avtomatik transmissiyanın idarəedilməsinə mərkəzi tuneldəki fırlanan şayba cavadehdir. Havalandırılan ön oturacaqlar və qızdırılan sükan çarxı da nəzərdə tutulub .
Satış bazarından asılı olaraq yeni Kia Sportage modeli atmosfer mühərrikləri, turbomühərriklər, dizel mühərrikləri və hibrid güc qurğuları ilə təchiz ediləcəkdir.
Beşinci nəsil Kia Sportage krossoverinin Cənubi Koreyadakı satışlarına 20 iyul tarixində başlanmalıdır. Sonradan yeni krossover digər bazarlarda da təklif ediləcəkdir. Beşinci nəsil Kia Sportage modelinin Azərbaycandakı satışlarına 2022-ci ilin əvvəlində başlanmalıdır.