Məlum olduğu kimi, yeni Kia Sportage krossoveri bu yaxınlarda debüt edib. İlkin olaraq, krossover yalnız iki modifikasiyada təklif edilirdi – 1,6-litrlik benzin turbomühərriki və 2,0-litrlik turbodizel ilə. Bu gün isə, üçüncü variant – hibrid krossover nümayiş etdirilib. Texnologiya baxımından belə krossover Hyundai Tucson hibridi ilə tamamilə bənzərdir.
Hibrid krossover 1.6 T-GDI benzin turbomühərriki (180 at qüvvəsi, 265 Nm), habelə elektrik mühərriki (60 at qüvvəsi, 264 Nm) quraşdırılmış altı pilləli "avtomat" ilə təchiz edilir. Hibrid qurğunun ümumi hasilatı 230 at qüvvəsi və 350 Nm fırlanma anı təşkil edir. Eyni zamanda, hibrid Sportage yalnız ön ötürməli ola bilər.
Kia Sportage Hybrid
Hibrid krossover sırf elektrik ötürməsi ilə hərəkət edə bilmir, çünki arxa divanın altında yerləşən litium-ion batareyasının tutumu cəmi 1,49 kilovat-saatdır. Ancaq pasport üzrə orta yanacaq sərfiyyatı 100 kilometrə 6,0 litr təşkil edir.
Bundan başqa, hibrid E-Ride adlı maraqlı bir sistemə malikdir ki, bu sistem iri yol çıxıntılarını (məsələn, "uzanmış polisləri") keçərkən, asqıya ötürülən zərbələri dartma elektrik mühərrikinin köməyi ilə (!) yumşaltmaq üçün hazırlanıb. Elektronika belə bir maneənin keçilməsini aşkar etdikdə, zərbəni qismən kompensasiya etmək üçün mühərrikə qısa impuls (həm sürətləndirmə, həm də əyləcləmə) yaratmaq əmrini verir.
Kia Sportage Hybrid
Salondakı yeganə fərq virtual cihazlar panelinin fərqli qrafikasıdır: burada taxometrin əvəzinə enerji mübadiləsi şkalası var. Cənubi Koreyada belə krossoverin qiyməti 27 min dollardan başlayır. Müqayisə üçün, Sportage modelinin baza variantının qiyməti 22 min dollardır.
Bir müddətdən sonra, krossoverin daha qabaqcıl qoşulan hibrid modifikasiyası da debüt etməlidir. Belə versiya daha böyük batareyaya və daha güclü elektrik mühərrikinə, müvafiq olaraq, 265 at qüvvəli güc qurğusuna malik olacaqdır.
Kia Sportage Gravity
Yeri gəlmişkən, Kia şirkəti Cənubi Koreyada yeni modelin satışlarının başlaması ərəfəsində fərqli təchizat səviyyələrində olan avtomobillərin detallarını və şəkillərini yayımlayıb. Modellərin arasında ən maraqlısı, 4,2-düymlük ekranı olan analoq cihazlar paneli, monoxrom ekranı olan radioqəbuledici və adi kondisioner ilə təchiz edilən baza versiyasıdır.
Orta təchizatlı versiya iki zonalı klimat-kontrol, 8,0-düymlük ekranı və ayrıca düymələri olan multimedia sistemi ilə təchiz edilir. Ən bahalı versiya isə, cihazlar panelinin və multimedia sisteminin 12,3-düymlük displeylərini birləşdirən vahid şüşə panel, habelə sensorlu idarəetmə bloku olan klimat-kontrol ilə təklif edilən krossoverdir.
Gravity adını almış ən bahalı versiya, ikirəngli dəri ilə üzlənmiş salona, daha iri bamperlərə və 19 düymlük təkər disklərinə malikdir. Belə krossover hibrid güc qurğusu da daxil olmaqla, istənilən güc aqreqatı ilə təchiz edilə bilər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.