Artıq xəbər verdiyimiz kimi, Renault qrupunun təşkil etdiyi qlobal mətbuat konfransı zamanı Lada markasının gələcək inkişafı planları açıqlanıb. Belə ki, Azərbaycanda gənclər arasında çox populyar olan Niva modelinin varisi haqqında bəzi detallar, klassik ofrouder barədə çəkilmiş videoçarx və gələcək ofrouderin ilk tizeri yayımlanıb. Yeni Lada Niva modeli 2024-cü ildə təqdim ediləcəkdir.
Dərc edilmiş tizerdə Lada Niva Vision konsepti nümayiş etdirilir. Bununla birlikdə. Seriya modelinin nümayiş etdirilmiş prototipdən fərqlənəcəyi şübhə doğurmur. Eyni zamanda, şəkildə göstərilən prototipdə Niva modelinə xas olan xarakterik cizgilər mövcuddur: məsələn, kvadrat formalı kuzov, qısa ön kuzov çıxışı, düzbucaqlı radiator barmaqlığı, arxa sütunlardakı havalandırma dəlikləri və ön fənərlərin üst tərəfindəki dönmə işıqları.
Eyni zamanda, yeni Lada Niva modelində X dizayn üslubundan əsər-əlamət qalmayıb - ofrouder daha çox Land Rover Defender modelini xatırladır.
Yeni Dacia-Lada bölməsindən məsul olan Denis Levotun sözlərinə görə, yeni nəsil Niva modeli iki kuzov tipinə sahib olacaqdır. O, yeni ofrouderin CMF-B platformasının modifikasiyalarından birinə əsaslanacağı barədə əvvəllər səsləndirilən fərziyyəni də təsdiqləyib. Levot, yeni Niva ofrouderinin qlobal model olacağını, yəni yalnız Rusiyada deyil, digər ölkələrdə də satılacağını söyləyib.
Yeni Niva, 2025-ci ilə qədər bazara çıxan dörd yeni Lada modelindən biri olacaqdır. Hal-hazırda rus istehsalçısı Lada Niva Legend (əvvəllər 4x4), Lada Niva və Lada Niva Travel modellərini istehsal edir.