Lexus şirkətinin növbəti, üçüncü nəsil GX ofrouderinin təqdimatına hazırlaşdığı barədə artıq məlumat vermişdik. Bir müddət bundan əvvəl yapon markası yeniliyin iki tizerini dərc etmişdi. Bu tizerlərdə yeni ofrouderin ön fənəri və baqaj qapağındakı işıqlanan zolağın bir hissəsi nümayiş olunurdu. Bu gün isə, Lexus şirkəti avtomobilin arxa hissəsi təsvir olunmuş daha informativ tizeri dərc edib.

İyun ayının 8-də Ostində (Texas ştatı, ABŞ) təqdim ediləcək yeni Lexus GX modelinin növbəti tizerində avtomobilin arxa tərəfinin bir hissəsi və yan tərəfin böyük hissəsi nümayiş olunur. Tizerdən GX modelinin Toyota Land Cruiser modeli ilə bənzərliyi görünsə də, iki avtomobil arasında bir sıra fərqlərin olduğu da diqqəti çəkir. Birincisi, arxa fənərlər baqaj qapağının eni boyunda uzanan LED zolaqla birləşdiriliblər.   

İkincisi, yan tərəfin profili pəncərə xəttinin altındakı “pillə” ilə seçilir və bu, xüsusən də arxa qanad zonasında daha aydın görünür. Bundan başqa, düzbucaqlı formaya malik olan təkər tağları da diqqəti çəkirlər.

Bütün bu elementlər yeni Lexus GX modelinin daha sanballı və brutal görkəmə malik olacağına işarə edirlər. Nəhayət, Land Cruiser modeli ilə müqayisədə daha hündür və ensiz olan yan güzgüləri qeyd etmək gərəkdir.

Çox güman ki, Toyota və Lexus ofrouderləri çoxlu sayda ümumi detallara malik olacaqlar. Məsələn, yeni GX modelinin TNGA-F arxitekturasının qısaldılmış versiyasında inşa ediləcəyi artıq məlumdur.

Bu platformadan artıq Toyota Land Cruiser 300 və Lexus LX modellərində istifadə olunur. Çərçivəli konstruksiyanı qoruyacaq GX modeli ofroud xüsusiyyətlərini də qoruyub saxlayacaqdır. Bununla belə, yeni ofrouder yaxşılaşdırılmış idarəetmə və rahatlıq keyfiyyətlərinə malik olmalıdır.

Bundan başqa, Lexus GX ofrouderinin Lexus markasının məlumat-əyləncə texnologiyaları sahəsində əldə etdiyi son nailiyyətləri nümayişçisi olacağı da gözlənilir. Bu yeniliklər sərnişinlərə daha dəbdəbəli və qabaqcıl texnoloji təcrübəni bəxş etməlidirlər.

Hələlik yeni ofrouderin texniki “içalatı” barədə təfərrüatlar yoxdur. Yeni Lexus GX modelinin mühərrik çeşidində bir neçə hibrid güc qurğusu olacaqdır ki, onlardan biri də yeni Land Cruiser Prado modelinə qismət ola bilər. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.