Bəli, bu həqiqətən də yeni NX krossoveridir və adı çəkilən avtomobilin yenilənmiş versiyası deyil. Şirkət mühəndisləri krossoverin hissə və komponentlərinin 95 faizinin yenidən hazırlandığını bildiriblər. Əvvəlki modellə oxşarlıq qəsdən saxlanılıb.
NX modeli nəinki son illərdə ən kütləvi Lexus avtomobillərindən biridir - 2014-cü ildən bəri bir milyondan çox avtomobil istehsal edilib, o həm də yeni müştərilərin cəlb edilməsi üçün əla vbir alətdir: bu krossover on alıcıdan yeddisi üçün ilk Lexus avtomobili olub.
Kuzovun forması, nisbətləri və ümumi dizayn konsepsiyası eyni qalır, lakin kəskin bucaqlar azalıb. Krossoverin ölçüləri də demək olar ki dəyişməyib: uzunluğu və eni 20 millimetr (müvafiq olaraq 4660 millimetr və 1865 millimetr), hündürlüyü isə 5 millimetr (1650 millimetr) artıb. Təkər bazası 2660-dan 2690 millimetrə də qədər genişlənib - demək olar ki, artımın hamısı arxa cərgəyə yönəldilib.
Qohum Toyota RAV4 krossoverindən sonra yeni Lexus NX modeli də GA-K modul platformasına (TNGA arxitekturasına) keçib. Bu, komponentlərin və qurğuların optimallaşdırılmış quruluşu, 20 millimetr aşağı salınmış ağırlıq mərkəzi, daha geniş təkər izi və daha müasir elektronika deməkdir.
Təkər disklərinin maksimal ölçüsü 20-düymlükdür. Əvvəlki modeldə ən böyük ölçülü disklər 18-düymlük idi. Krossoverin kuzovu ultrayüksək möhkəmlikli poladdan geniş istifadə sayəsində daha möhkəm olub. Məsələn, kandar gücləndiriciləri üçün 1180 MPa, dam gücləndiriciləri üçün isə 1470 MPa möhkəmlik həddi olan poladdan istifadə edilib. Ön qanadlar və kapot alüminiumdan hazırlanır.
Şassi arxitekturası eynidır: öndə McPherson dayağı, arxada isə çoxqollu asqı. Lakin mühəndislər avtomobilin idarəetməsini daha dəqiq və yumşaq etməyə çalışıblar. Yarımavtopilot da unudulmayıb: Lexus Safety System + kompleksi bir sıra bazarlarda (məsələn, Avropada) baza təchizatına daxil ediləcəkdir. Bu kompleksin tərkibinə adaptiv kruiz-kontrol, zolaqda saxlama və yol nişanlarını oxuma sistemləri daxildir . “Görmək” üçün Lexus kamera və radardan istifadə edir.
İnteryer konsepsiyası ciddi şəkildə nəzərdən keçirilib və indi yapon dilində “cilov” mənasını verən Tazuna adlanır. Əsas ideya avtomobilin bütün funksiyalarının intuitiv anlaşılan şəkildə idarə edilməsidir: Lexus nəhayət mərkəzi konsoldakı taçpad və ya coystikdən imtina edib. Onları multimedia sisteminin sürücüyə tərəf yaxınlaşdırılmış sensorlu ekranı əvəzləyib.
Əvvəllər ən zəngin versiyasında belə ekranın diaqonalı 10,3 düymdən artıq olmurdusa, indi standart Lexus Link Connect media sisteminin 9,8-düymlük ekranı var. Daha bahalı avtomobillərdə əvvəlki cihazdan 3,6 dəfə daha sürətli işləyən, səslə idarəetmə funksiyasına, genişləndirilmiş onlayn funksionala malik olan və məsafədən smartfondan idarə edilən Lexus Link Pro sisteminin 14-düymlük displeyi quraşdırılır.
Sükan çarxlarında sensorlu panellər peyda olub, transmissiyanın idarəolunmasından qeydə alınmayan coystik məsuldur, daxili kontur işıqlandırması 64 rəngə malikdir.
Digər maraqlı bir detal elektrikli qapı kilidləridir: kilidi içəridən açmaq üçün dəstəyə basmaq kifayətdir, lakin təcili mexaniki açılma ehtimalı da qorunub saxlanılıb - bunun üçün tutacağı sadəcə çəkilmək lazımdır. Elektronika qapını açmağa çalışarkən təhlükə aşkar edərsə (məsələn, qonşu zolaqda yaxınlaşan avtomobil olduqda) kilidi məcburi qapada bilər.
Lexus NX 250
Artıq 2,0-litrlik atmosfer mühərriki və variatoru olan flegmatik versiyalar olmayacaq. Yeni nəsildə baza krossoveri 199 at qüvvəsi və 243 Nm fırlanma anı hasil edən 2,5-litrlik atmosfer mühərriki olan Lexus NX 250 modeli olacaqdır. Belə modifikasiya yalnız Rusiya və Şərqi Avropa ölkələri daxil olmaqla bəzi bazarlarda təklif ediləcəkdir.
Modifikasiya çeşidində bir pillə yuxarıda 279 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən 2,4-litrlik yeni turbomühərriklə təchiz olunan Lexus NX 350 modeli yerləşir.. Hər iki mühərrik səkkiz pilləli “avtomat” ilə tandemdə çalışır.
Lexus NX 450h +
Lexus NX 350h hibridi isə qlobal olacaqdır. Belə krossover 1,6 kilovat-saatlıq batareyaya malikdir, elektrik mühərriki və elektromexaniki variator ilə tandemdə çalışan 2,5-litrlik atmosfer mühərriki ilə hərəkətə gəlir. Bu qurğu ön təkərləri hərəkətə gətirir, tam ötürməli versiyalarda isə arxa oxda ayrıca elektrik mühərriki quraşdırılır. Hibrid qurğunun ümumi gücü 244 at qüvvəsidir. NX 350h krossoveri 100 km/saat həddinə sürətlənməyə 7,7 saniyə sərf edir.
Modifikasiya çeşidinin zirvəsində Lexus markasının ilk qoşulan hibridi olan NX 450h + modeli yerləşir. Bəli, bəli, indiyə qədər Lexus hibridləri məişət elektrik şəbəkəsinə qoşula bilməzdi. Güc qurğusu baza hibridi ilə eynidır, lakin ön elektrik mühərriki daha güclüdür, arxadakı isə standard avadanlığa daxildir. Nəticədə hibrid qurğunun maksimal gücü 306 at qüvvəsidir.
Qoşulan hibridin daha böyük 18 kilovat-saatlıq dartma batareyası var, buna görə də batareya arxa divanın altında deyil, kuzovun döşəməsinin altında quraşdırılıb. Sırf elektrik rejimində Lexus NX 450h + modeli 63 kilometrə qədər məsafə gət edə bilər.
Krossover elektrik ötürməsi ilə 135 km/saat həddinə qədər sürətlənir. Hibrid rejimində krossover 100 km/saata 6,0 saniyəyə sürətlənir. Üstəlik, belə krossoverin standart təchizatına daha aqressiv görünüşlü F Sport dəsti daxil edilib.
Maraqlıdır ki, rəsmi materiallarda yeni NX modelinin tam ötürmə sistemi daimi adlandırılır, buna baxmayaraq, versiyaların heç birində oxlararası differensial yoxdur. Benzin avtomobillərdə arxa oxu əvvəlki kimi mufta qoşur, lakin indi sistem daimi önyükləmə ilə işləyir. Hibridlərdə arxa elektrik mühərriki avtomobil yerindən tərpənmədə işə düşür. Beləliklə, texniki cəhətdən Lexus NX modeli hər zaman tam ötürməlidir.
Yeri gəlmişkən, həm benzin, həm də hibrid versiyalarda eyni yanacaq (55 litr) çəni var. Baqajın həcmi də eynidir (dəqiq həcmi hələlik açıqlanmayıb), üstəlik, yeni NX modelinin beşinci qapısı əvvəlkindən daha səssiz və daha sürətli (qalxış dörd saniyə davam edir) olan yeni elektrik mexanizminə malikdir.
Yeni Lexus NX modelinin qiymətləri yayın sonuna qədər açıqlanacaqdır. Yeni krossoverin satışlarının başlanması payızın sonuna planlaşdırılır. Yeri gəlmişkən, modifikasiya çeşidində tamamilə elektrikli versiyası olmayacaqdır: onun əvəzinə Lexus e-TNGA elektrik platformasında inşa ediləcək başqa bir krossoveri hazırlayır.(c) Autograph.az