Yeni nəsil Mercedes-Benz E-Class sedanının “bərkgedən” variantı olan Mercedes-AMG E63 modifikasiyası drift etmək üçün lazım olan xüsusi rejimlə təchiz ediləcəkdir. Bu barədə Mercedes-AMG bölümünün rəhbəri Tobias Moersə istinadən “Autocar” dərgisi xəbər yaymışdır.
Sələfindən fərqli olaraq yeni nəsil Mercedes-AMG E63 modeli, gərək olan zaman mühərrikin fırlanma anını tamamilə arxa ötürə bilən tam çəkiş sistemi ilə təchiz ediləcəkdir. “Bərkgedən” modelin arxadan çəkişli variantı istehsal edilməyəcəkdir. Drift rejiminin işə salınması halında elektronika fırlanma anının optimal bölünməsini aktivləşdirərək, sürücüyə avtomobili idarəolunan sürüşmədə saxlamağa yardım edəcəkdir. Mercedes-AMG E63 4Matic modeli dörd litrlik iş həcmi olan iki turbokompressorlu səkkiz silindirli mühərriklə hərəkətə gələcəkdir. Öz növbəsində, bu mühərrik iki güc variantında təklif ediləcəkdir. Moersin sözlərinə görə, sedanın ən güclü modifikasiyası 600 at qüvvəsinə malik olacaqdır. Güc aqreqatı doqquz pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışacaqdır.
Tobias Moers yeni Mercedes-AMG E63 4Matic modelinin Nürburqrinqin “Şimal ilgəyini” 7 dəqiqə 50 saniyəyə fəth edəcəyini bildirmişdir. Bu cari modelin göstəricisindən beş saniyə yeyindir. “Bərkgedən” sedanın təqdimat mərasimi yaxın aylarda keçirilməlidir, onun Avropadakı satışlarına isə 2017-ci ilin ikinci rübündə başlanacaqdır.