Yeni nəsil Mercedes-Benz GLS-Class modeli iki həftə bundan öncə Nyu Yorkda keçirilən avtosalonda debüt edib. Hələlik krossoverin ən güclü modifikasiyası 483 at qüvvəsinə malik olan GLS 580 modelidir. Lakin, bu modelin taxtında uzun müddət oturacağı bir qədər şübhə doğurur. Bu qərara gəlməyimizə səbəb, bu günlərdə paparazzilərə rast gəlmiş “bərkgedən” AMG variantının sınaq prototipidir.
Doğrudur, əvvəllər də “bərkgedən” krossoverin prototipi obyektivlərə tuş gəlib, lakin həmin prototiplər güclü kamuflyaj örtüyünə malik idilər. Yeni qeydə alınmış prototip isə demək olar ki, örtüyünü tamamilə atıb və yalnız cüzi kamuflyaja malikdir. Yüngülləşdirilmiş kamuflyaj bir sıra məqamlara açıqlıq gətirib. Birincisi, AMG modelinin Panamerica üslubunda radiator barmaqlığına malik olacağı aydın görünür. İkincisi isə, krossoverin daha aqressiv aerodinamik kuzov dəstinə, iri qanadlara və diffuzora sahib olacağı nəzərə çarpır. Əlbəttə ki, Mercedes-AMG GLS 63 4Matic daha enli təkərlərə və buraxılış sisteminin cütlənmiş iki çıxış borusuna malik olacağı şübhəsizdir.
Yeni “bərkgedən” bayraqdar krossoverin AMG modellərindən tanış olan 4,0-litrlik səkkiz silindrli biturbomühərriklə təchiz ediləcəyini söyləmək yəqin ki yersizdir. Məsələ bu aqreqatın hasil edəcəyi gücdədir – cari model 577 at qüvvəsi təklif edir. Çox güman ki, yeni krossover 600 at qüvvəsinin üzərində gücə malik olacaqdır.
Cüzi kamuflyaj örtüyü isə, Mercedes-AMG GLS 63 4Matic modelinin debütünün yaxın zamalarda baş tutacağına işarə edir.