Bu günlərdə yeni nəsil “bərkgedən” Mercedes-AMG S 63 modelinin minimal kamuflyaja malik olan sınaq prototipi casuslara rast gəlib. Bu modifikasiyanın hibrid qurğulu Mercedes-AMG S 73 e sedanından bir pillə aşağıda yerləşəcəyi və Porsche Panamera modeli ilə rəqabət aparacağı məlumdur.
AMG subbrendinin bütün avtomobilləri kimi, yeni Mercedes-AMG S 63 sedanı da aqressiv görünüşlü kuzov dəstinə malik olacaqdır. Kamuflyaj örtüyünə baxmayaraq, aerodinamik dəstin detalları aydın görünür: “bərkgedən” flaqman sedanı daha böyük ön splitterə, enli kandarlara, yeni diffuzora və buraxılış sisteminin iki cütlənmiş çıxış borusuna sahib olmalıdır.
Sedanın interyerində AMG üslubunda tərtibat üstünlük təşkil edəcəkdir: salonda güclü dəstəyə malik olan idman oturacaqları, AMG sükan çarxı, alüminiumdan örtüyü olan pedallar və xüsusi qrafikaya malik olan 12,3-düymlük virtual cihazlar paneli, habelə MBUX sisteminin 12,8-düymlük displeyi quraşdırılacaqdır.
AMG bölməsi yeni S 63 modelinin texniki xarakteristikalarını açıqlamasa da, böyük ölçülərə malik olan sedanın 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz ediləcəyini gözləmək olar. Mercedes-AMG E 63 modelində quraşdırılan bu mühərrik iki güc variantında - 571 at qüvvəsi və 750 Nm, habelə 612 at qüvvəsi və 850 Nm hasil edən versiyalarda təklif olunur . Çox güman ki, S 63 modelində 9-pilləli AMG Speedshift MCT “avtomatı” və 4Matic tam ötürmə sistemi ilə tandemdə çalışan 612 at qüvvəli versiya quraşdırılacaqdır.
Əlbəttə ki, AMG mütəxəssisləri “bərkgedən” sedanın şassisi üzərində müəyyən təkmilləşdirmələri həyata keçirəcəklər: sedan hündürlüyü azaldımış asqıya, daha sərt köndələn dayanıqlılıq stabilizatorlarına və yeni adaptiv amortizatorlara sahib olmalıdır. Məlum məsələdir ki, Mercedes-AMG S 63 daha güclü əyləc mexanizmləri ilə təchiz ediləcəkdir: prototipin disklərinin milləri arasından görünən havalandırmalı iri əyləc diskləri və böyük supportlar buna dəlalət edir.
Bundan başqa, Mercedes-AMG S 63 ən mütərəqqi dartmaya nəzarət sistemini də almalıdır. Yeni sistemin E 63 modelində olduğu kimi, Drift Mode rejiminə malik olacağı gözlənilir. Bir sözlə, “bərkgedən” flaqman sedanının sahib də driftdən həzz ala biləcəkdir.