Yeni nəsil Mercedes-Benz C-Class (W206) modelinin dünyəvi təqdimatı 23 fevral tarixində baş tutmalıdır. Lakin Britaniyanın “Autocar” nəşrində çalışan həmkarlarımız artıq seriya öncəsi avtomobili sınaqdan çıxararaq, bir çox detalları bölüşüblər. Birincisi, həmişəki kimi ilk olaraq sedan işıq üzü görəcəkdir. Hazırda avtomobil kamuflyajının çox hissəsini itirib.
Bununla birlikdə, yeni C-Class modelinin müasir E-Class və S-Class modellərinə bənzəyəcəyi onsuz da aydındır: onun fənərləri daraldılıb və bir qədər yuxarı qaldırılıb, arxa fənərlər isə artıq baqaj qapağına keçən əlavə bölmələrə malikdir (əvvəllər belə həll kupelərdə, kabrioletlərdə və universallarda tətbiq edilirdi, sedanlarda isə yox idi).
C-Class modeli klassik quruluşunu və arxa tərəfə çəkilmiş salonu olan xarakterik siluetini qoruyub saxlayıb. Ancaq A-Class sedanı ilə məsafəni artırmaq üçün mühəndislər C-Class modelini 65 millimetr uzadıblar: bunun 10 millimetri ön kuzov çıxışının, 30 millimetr - təkər bazasının (2870 millimetr), 25 millimetr arxa kuzov çıxışının payına düşüb. Aerodinamik müqavimət əmsalı əladır, lakin rekord deyil: 0,24.
İndiki C-Class bəlkə də bütün Mercedes avtomobillərinin arasında ən mühafizəkar salonuna malikdir, lakin yeni model S-Class modelinin avanqard ruhunda hazırlanmış interyerə sahib olacaqdır. Yəni, yeni S-Class modeli sürücünün qarşısında vahid şüşə altında iki displey olan Mercedes salonlarının təkamül mərhələsini buraxacaqdır. W206 virtual cihazlar panelinin fərdi ekranına və MBUX mediasisteminin iri şaquli planşetinə sahib olacaqdır. Üstəlik, salon bir qədər daha geniş olacaqdır: ayaqlar zonasında 25 millimetr, baş üzərində is 13 millimetr əlavə məkan peyda olub.
Yeni C-Class modeli flaqman S-Class ilə eyni MRA modul platformasında inşa edilib, lakin onun konstruksiyasında alüminiumun nisbəti daha azdır: mühəndislər daha ucuz polada üstünlük veriblər. Bununla belə, yığcam model flaqmandan tam idarəolunan şassini alacaqdır! Əlbəttə ki, belə şassi ən güclü və ən bahalı versiyaların imtiyazı olacaqdır. Məsələn, cari C-Class modelində olan opsional pnevmoasqı yalnız qoşulan hibridlər üçün təklif ediləcəkdir. Həmişəki kimi arxa və tam ötürmə arasında seçim olacaqdır.
“Autocar” nəşrinin bildirdiyinə görə, bütün versiyalar 48 voltluq startyor-generatoru olan dördsilindrli mühərriklər ilə təchiz ediləcəkdirlər. Mercedes V6 mühərriklərindən imtina edir və onları əvəzləyən sıralı altısilindrli aqreqatlar C-Class modelinin mühərrik çeşidinə daxil edilməyəcəkdir. İş avtomobilin quruluşundakı məhdudiyyətlərlə əlaqəli deyil, çünki rəqib BMW 3 Series modelləri əsrlər boyu belə mühərriklərə təchiz edilirlər.
Hələlik, yalnız C 300 modelinin xarakteristikaları məlumdur: 2,0-litrlik dördsilindrli turbomühərrik 259 at qüvvəsi hasil edir, daha 21 at qüvvəsi isə startyor-generator əlavə edir. Transmissiya klassik doqquz pilləli “avtomatdır”. Tam ölçülü təkrar doldurulan C 300 e və C 300 de (benzin və dizel) hibridlərinə gəldikdə isə, onlar cari modeldəki 13,5 kilovat-saatlıq batareyanın əvəzinə 25,4 kilovat-saatlıq yeni dartma batareyasına sahib olacaqdırlar. Elektrik rejimində yürüş məsafəsi 100 kilometrə çatacaqdır.
Yeni Mercedes C-Class haqqında bütün detallar tezliklə açıqlanacaqdır. Sedanın ardınca universal, kupe və kabriolet, həmçinin V8 mühərriki əvəzinə dördsilindrli turbomühərrikin əsasında yaradılmış hibrid aqreqata sahib olan “bərkgedən” AMG modelləri işıq üzü görəcəkdirlər. Yeri gəlmişkən, təqaüdə göndərilən C-Class ailəsi yeddi illik istehsal müddəti ərzində 2,5 milyondan çox tirajla satılıb.